Zelenski İlham Əliyevə zəng edib YENİLƏNİB
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatı
17:01
Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.
Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.
***
16:44
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Bu barədə V.Zelenski özünün “X” səhifəsində bildirib.
Zelenski Əliyevin Ukrayna xalqına verdiyi dəstəyə və başsağlığına görə minnətdarlıq edib.
"Dünən gecə ruslar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raket, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, bir sıra obyetlərə, o cümlədən Azərbaycan Səfirliyinə ziyan dəyib, dağıntılar və var. Cənab Prezident bu hücumu pislədi və vurğuladı ki, ruslar səfirlik binasını və Azərbaycanla əlaqəli digər obyektləri ilk dəfə hədəf almırlar.
Biz, həmçinin ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızın inkişafını müzakirə etdik. İkitərəfli əməkdaşlığımızın bütün sahələrində həqiqətən yaşıl işıq var. Güclü potensial var və biz bunu reallaşdıracağıq. Təşəkkür edirəm!", - V.Zelenski sosial şəbəkədə yazıb.
2 dəqiqə