Brüsseldə növbəti üçtərəfli görüş gözlənilir
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib

“Şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
Prezident deyib ki, Azərbaycanın Avropa İttifaq ilə çox yaxşı münasibətləri var. O, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sülh danışıqları naminə atdığı addımları yüksək qiymətləndirib.
İlham Əliyevin sözlərinəı görə, rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı Brüsseldə keçiriləcək növbəti üçtərəfli görüşün səmərəli olacağına ümid edir.
Qeyd edək ki, tərəflər indiyədək 5 görüş keçiriblər. Rəsmi Bakı növbəti görüşün nəticəyönümlü olacağını gözləyir və hesab edir ki, Ermənistan, Azərbaycan və Avropa İttifaqı sülh bəyanatının layihəsi üzərində razılığa gəlməlidir.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının rəhbəri 2023-cü ilin iyulunda Brüsseldə üçtərəfli formatda görüşüblər.
Oktyabr ayına daha bir görüş təyin olunsa da, İlham Əliyev orada iştirakdan imtina edib.
Bundan başqa, Azərbaycan Prezidenti Qranadada keçirilən beştərəfli görüşdə də iştirak etməyib. Rəsmi Bakı bu görüş ərəfəsində Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın ünvanına səsləndirdiyi qərəzli ifadələri nəzərə alaraq, Parisin neytrallığı itirirdiyini əsas gətirib.
Daha sonra, noyabrın 16-da rəsmi Bakı bəyan edib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Vaşinqton görüşündən imtina edir. Buna ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın noyabrın 15-də Senatın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsindəki dinləmələr zamanı Azərbaycanla bağlı əsassız ittihamlar səsləndirməsi səbəb olmuşdu.
Nəhayət, noyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüş keçirməyə çağırıb. Buna cavab olaraq Ermənistan tərəfi dövlət sərhədində delimitasiya komissiyalarının iclasının keçirilməsini təklif edib. Noyabrın 30-da Ermənistan və Azərbaycanın dövlət sərhədində iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası keçirilib. Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələlərə istinad ediblər.