XƏBƏRLƏR / Siyasət

Bakı və Tbilisi Avronest PA sessiyasında iştirak etməyəcək

Azərbaycan və Gürcüstan nümayəndə heyətləri Avronest PA-nın İrəvandakı plenar sessiyasına getməyəcəklər

Bakı və Tbilisi Avronest PA sessiyasında iştirak etməyəcək
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.

    Bunu Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.

    Tahir Mirkişili deyib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələri dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığına inamına bir daha ciddi zərbə vurub. Bu səbəblərdən, İrəvanda keçirləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdirilmasi istiqamətində əməli addımlar da atılır”.

    Bu arada xəbər gəlib ki, Gürcüstan 28-30 oktyabr tarixlərində İrəvanda keçiriləcək Avronest Parlament Assambleyasının 12-ci plenar iclasında iştirak etməkdən imtina edib.

    Avropa İnteqrasiyası üzrə Parlament Komitəsinin sədri Levan Maxaşvili Avronest rəhbərliyinə açıq məktub ünvanlayaraq qərarı belə izah edib:

    • Bəzi Avropa Parlament üzvlərinin düşmənçilik ritorikası və Tbilisidəki etirazlarda iştirakı qarşılıqlı hörmət prinsiplərinə ziddir və parlament diplomatiyasının hüdudlarından kənara çıxır;
    • Avronest PA-dakı Avropa Parlamentinin nümayəndə heyətinin bəzi üzvləri ölkəmizdə ictimai iğtişaşlara, radikallaşmaya və zorakılığa təhrik edən bəyanatlar veriblər, qətnamələr və hesabatlar isə Gürcüstan xalqının demokratik şəkildə ifadə olunmuş iradəsini görməzdən gəlməyə davam edir;
    • Seçkilərin etibarsız sayılmasına, demokratik institutların sarsıdılmasına və Gürcüstanda hökumətin devrilməsinə dəstəklərinə baxmayaraq, şəxsləri "vətəndaş cəmiyyəti" adı altında plenar iclasa dəvət etmək qərarından dərin narahatlıq duyuruq;
    • Bu şəxslər üçün platforma təmin etməklə Avronest antidemokratik davranışı təşviq edir və zorakı və ya radikal siyasi gündəmləri haqlı çıxarır.