Ankarada TDT XİN Şurasının iclası keçirilib
2025-ci ilin oktyabr ayından bəri Azərbaycan TDT-nin dönəm sədridir YENİLƏNİB
12:55
Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü çərçivəsində bu gün TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Bu ölkənin xarici işlər naziri Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edib.
Xarici İşlər Nazirləri Şurasının iclasından sonra ailə fotosu çəkilib.
Qeyd edək ki, TDT "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası" kimi qurulan Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış Naxçıvan Sazişi ilə təsis edilib. Adı 2021-ci ildə İstanbul Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib.
Təşkilatın əsas məqsədləri Türk dövlətləri arasında qarşılıqlı etimadı, siyasi həmrəyliyi gücləndirmək, iqtisadi və texniki əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək, Türk dünyasının tarixi və mədəni irsini sənədləşdirmək və təbliğ etməkdir. Katibliyi İstanbulda yerləşən TDT-nin beş üzv dövləti (Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan) və dörd müşahidəçisi (Macarıstan, Türkmənistan, Şimali Kipr və İqtisadi Əməkdaşlıq Təşkilatı) var.
2025-ci ilin oktyabr ayından bəri Azərbaycan TDT-nin dönəm sədridir. Təşkilatın qaydalarına görə, sədrlik bu dəfə Dövlət Başçıları Zirvəsindən sonra Azərbaycandan Türkiyəyə ötürüləcək.
Zirvə görüşü Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə "Türk Dünyasının Əsri" vizyonundan və İsmayıl bəy Qaspıralının "Türk Əsri: Dildə, Düşüncədə və Fəaliyyətdə Birlik" mövzusuna həsr olunacaq.
***
12:38
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada TDT-yə üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.
XİN-dən verilən xəbərə görə, nazir çıxışında ilk olaraq Türkiyəni Cümhuriyyətin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edib.

Ceyhun Bayramov Azərbaycanın TDT-yə sədrliyinin prioritetlərinin əməkdaşlığın inkişaf etdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması, xalqlarımızı birləşdirən əlaqələrin möhkəmləndirilməsi, institusional səmərəliliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsindən ibarət olduğunu bildirib.
O qeyd edib ki, bu prioritetlər 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının sammitində bir daha təsdiqlənib.
Nazir qlobal münaqişələrin davam etdiyi, beynəlxalq hüquqa çağırışların artdığı və qlobal təhlükəsizlik arxitekturasının zəifliklərinin üzə çıxdığı bir şəraitdə qarşılıqlı etimadın, ortaq maraqların və həmrəyliyin əhəmiyyətini vurğulayıb.
Azərbaycan xarici işlər naziri siyasi dialoqun və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edərək, Bakıda Təhlükəsizlik Şuraları katiblərinin görüşünün bu baxımdan əhəmiyyətini diqqətə çatdırıb.
O, müdafiə sənayesi sahəsində birgə istehsal və texnoloji əməkdaşlıq üzrə 2027-ci il üçün Yol Xəritəsinin qəbul edilməsinin vacibliyini də vurğulayıb.
Nazir ticarət, investisiya, nəqliyyat bağlantıları, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiya və yeni texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunub.
Çıxışda humanitar və mədəni təşəbbüslər də diqqətə çatdırılıb. Bu çərçivədə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi, Şuşada dini məsələlərə cavabdeh dövlət qurumlarının rəhbərlərinin ilk görüşü və Bakıda Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 7-ci iclası qeyd olunub.
Ceyhun Bayramov BMT Baş Assambleyasında TDT-yə müşahidəçi statusunun verilməsini təmin etmək məqsədilə Nyu-Yorkda aparılan birgə diplomatik səylərin əhəmiyyətini vurğulayıb. O, həmçinin TDT+ formatının üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.

Nazir qərarların effektiv icrasının təmin olunmasının, milli qurumların davamlı iştirakının, eləcə də TDT Katibliyinin əldə olunan irəliləyişlərin monitorinqi və fəaliyyətlərin əlaqələndirilməsində rolunun gücləndirilməsinin vacibliyini qeyd edib.
Ceyhun Bayramov Azərbaycanın təşkilatın daha səmərəli fəaliyyət göstərməsi və üzv dövlətlər arasında əməkdaşlığın daha məhsuldar olması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
***
12:15
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ceyhun Bayramovu Türkiyə xarici işlər naziri Hakan Fidan qarşılayıb.



5 dəqiqə