Ceyhun Bayramov Avropa İttifaqını suçladı
Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunur
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov: Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunur.
Dövlətlər tərəfindən suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib.
“Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlər yerinə yetirilməyib, razılaşma pozulub, mandat özbaşına genişləndirilib.Bu missiya regional sabitliyin təşviqi və Ermənistan və Azərbaycan arasında etimadın yaradılması kimi bəyan edilmiş məqsədlərinə nail ola bilməyib. Əksinə, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş istifadə olunur.
Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi vəziyyəti daha da pozacaq təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslər Aİ-nin “neytral vasitəçi” nüfuzunu və ümumilikdə Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq səylərini sarsıdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının bəyan edilmiş məqsədlərinə uyğun gəlmir”, - deyə Ceyhun Bayramov vurğulayıb.