Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
XİN xəbər verir YENİLƏNİB
15:30
Oktyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Ceyhun Bayramov həmkarı Seyid Abbas Əraqçinin bacısının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbir diləyib.
Nazirlər Azərbaycanla İran münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Söhbət zamanı, həmçinin regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi qeyd olunub.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
***
13:15
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.
Bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, bu gün səhər saatlarında baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və əlaqələrə dair məsələlər müzakirə olunub.
Ceyhun Bayramov iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.
1 dəqiqə