Ceyhun Bayramov Ramallahda Riyad əl-Maliki ilə görüşüb
Azərbaycanın xarici işlər naziri fələstinli həmkarıyla təkbətək və geniş tərkibdə görüş keçiriblər YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ramallahda Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşüb.
Hazırda Azərbaycan və Fələstinin xarici işlər nazirləri arasında geniş tərkibdə görüş keçirilir.
Azərbaycan Fələstinin Nablus bölgəsində məktəb tikəcək.Bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuata birgə çıxışı zamanı bildirib.
“Azərbaycanlı həmkarımla səmimi, açıq və mehriban müzakirələr aparıldı. Qarşılıqlı əlaqələrimizi necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Fələstin xalqına azadlıq uğrunda mübarizədə göstərdiyi dəstəyə, beynəlxalq platformalarda göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim. Biz Azərbaycanın göstərdiyi humanitar dəstəyə görə minnətdarıq. Azərbaycan hər il 25 fələstinli tələbəyə təqaüd ayırır. Eyni zamanda, Azərbaycan Nablus bölgəsində məktəb tikəcək, mən bu qərara görə minnətdaram”, - Fələstinin xarici işlər naziri bildirib.
Ceyhun Bayramov öz növbəsində deyib: “Biz Fələstinə Azərbaycan ərazilərinin 30 illik hərbi işğalı zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edirik. Azərbaycan münaqişədən sonrakı dövrdə normallaşmaya çalışır, Ermənistan isə təcavüzkar ritorikası ilə sülhsevər niyyətlərini təhdid edir”.
Bayramovun fikrincə, normallaşmanın alternativi yoxdur və bu, beynəlxalq sərhədlərin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanmalıdır.
“Keçən il biz Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində biz qarşılıqlı anlaşma və hörmət əsasında dostluq qurmuşuq. İki ölkə arasında yüksək səviyyəli səfərlər həyata keçirilib, əlaqələrimizi intensivləşdirmək üçün sənədlər imzalanıb. Bizi həmrəylik və ümumi dəyərlər birləşdirir. İnanıram ki, Azərbaycanın Fələstində nümayəndəliyinin açılması əlaqələrimizin dərinləşməsi üçün yeni imkanlar yaradacaq”, - Bayramov əlavə edib.