16:38
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.
XİN-dən verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.
Görüşdə, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Serbiya tərəfindən hər zaman qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin təqdirəlayiq olduğunu bildiriblər.
Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Prezident Vuçiç, COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
***
16:30
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Baş naziri Miloş Vuçeviç ilə görüşüb.
Bu barədə XİN məlumat yayıb.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edilib.
C.Bayramov münaqişədən sonra regionda aparılan yenidənqurma və sülh səylərindən də danışıb.
***
14:02
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Qeyd edilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar və digər aspektlərini müzakirə ediblər.
Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
C. Bayramov həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.