16:40
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən dəyirmi masa zamanı ekspertlər, tədqiqatçılar və analitik ictimaiyyətin nümayəndələri ilə görüş keçirib, görüş çərçivəsində ölkənin xarici siyasətinin əsas prioritetlərini təqdim edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Nazir iştirakçıları ölkənin iqtisadi inkişaf gündəliyi, qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, eləcə də nəqliyyat və regional əlaqəlilik sahəsindəki əsas təşəbbüsləri ilə tanış edib.

"C6 formatı kontekstində Azərbaycanın Mərkəzi Asiyadakı rolu, o cümlədən enerji əməkdaşlığının, nəqliyyat əlaqəliliyinin və çoxtərəfli diplomatiyanın inkişafı yolu ilə xüsusi qeyd olunub. Müzakirələr zamanı, həmçinin Azərbaycan-Yaponiya tərəfdaşlığının inkişafı məsələləri, ticarət, investisiyalar, yaşıl enerji, rəqəmsal transformasiya və innovasiyalar sahələrində qarşılıqlı fəaliyyət perspektivləri, eləcə də aktual regional və beynəlxalq proseslər nəzərdən keçirilib", - XİN-in məlumatında bildirilib.
Bundan əlavə, Ceyhun Bayramov görüş iştirakçılarına regiondakı postmünaqişə vəziyyəti və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişi barədə məlumat verib.
***
16:14
İyunun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokio şəhərinə rəsmi səfəri çərçivəsində Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan–Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu çərçivədə iki ölkə arasında siyasi məsləhətləşmələr və iqtisadi əməkdaşlıq komissiyası mexanizmlərinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə təmasların ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından vacibliyi qeyd olunub.
Yaponiyanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu, habelə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfərinin Azərbaycan-Yaponiya münasibətlərinin inkişafında mühüm mərhələ təşkil etdiyi, siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə güclü təkan verdiyi vurğulanıb.
Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın roluna toxunularaq, Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan–Yaponiya Parlamentlərarası İşçi Qrupu ilə Yaponiya Parlamentində mövcud olan Yaponiya–Azərbaycan Dostluq Liqasının bu istiqamətdə əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində, həmçinin siyasi, iqtisadi, humanitar, ənənəvi və bərpaolunan enerji, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Yaponiyanın aparıcı şirkətləri olan “ITOCHU” və “INPEX”in Azərbaycanın enerji sektorunda, xüsusilə neft-qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynayaraq, ölkəmizin etibarlı tərəfdaşları sırasında yer aldığı xatırlanıb.
Nazir Ceyhun Bayramov keçmiş işğal və münaqişə tarixi, postmünaqişə dövründə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və ölkəmizin atdığı addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində görülən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər, habelə Yaxın Şərqdə vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
4 dəqiqə