XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb YENİLƏNİB

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb YENİLƏNİB
Ceyhun Bayramov
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 20:50

    Türkiyə və Azərbaycan hər zaman “Bir millət, iki dövlət” devizi altında fəaliyyət göstəriblər.Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

    “Yaxşı və pis gündə bir-birimizə dəstək olmağa davam edəcəyik. İnanıram ki, gələcəkdə də iki ölkə arasında qardaşlıq və dostluq naminə sıx əməkdaşlıq etməyə davam edəcəyik”, - deyə türkiyəli nazir bildirib.

    Fidan həmçinin Ceyhun Bayramovla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə etdiyini vurğulayıb və əlavə edib ki, Azərbaycan və Türkiyə regionda sülhün bərqərar olması üçün birgə addımlar atmağa davam edəcək.

    Öz növbəsində Ceyhun Bayramov bildirib ki, Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsi və 5 əsas prinsip təqdim edib.

    “Danışıqlar zamanı layihənin əhəmiyyətli hissəsi razılaşdırılıb, lakin Ermənistan Konstitusiyasında və bəzi digər hüquqi aktlarda hələ də Azərbaycana qarşı ərazi iddiaları var. Eyni zamanda, Ermənistanın da Türkiyəyə qarşı ərazi iddialarının olduğu heç kimə sirr deyil. Hazırda sülh müqaviləsinin bağlanmasına ən böyük maneə Ermənistan Konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”, - deyə Azərbaycan XİN rəhbəri bildirib.

    Ceyhun Bayramov onu da bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yaxın vaxtlarda başa çatdırılacaq.

    “İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yaxın vaxtlarda başa çatacaq. İki ölkənin enerji layihələri bütün Avrasiya regionunun enerji xəritəsini dəyişir”.

    ***

    16:25

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

    Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd edək ki, C.Bayramov Türkiyənin paytaxtı Ankarada işgüzar səfərdədir.

    ***

    09:54

    27 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

    Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.