XƏBƏRLƏR / Diplomatiya

Akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilan səfəri

Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirakı edir YENİLƏNİB / FOTO

Akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilan səfəri
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 14:40

    Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometrdir. Hazırda 113,5-ci kilometrdə işlər aparılır.

    Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov diplomatik korpusu məlumatlandırarkən deyib.

    O bildirib ki, yol birinci texniki dərəcəyə uyğun şəkildə inşa olunur: “Hərəkət hissəsinin eni 14–21 metr arasında dəyişir. Layihənin 78,5 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır, qalan 45 kilometrlik hissə isə 4 hərəkət zolağı ilə inşa edilib. Layihə çərçivəsində hərəkət istiqamətləri üzrə ümumilikdə 6 kilometr uzunluğunda 3 tunel tikilib. Tunellərin ümumi uzunluğu 12 kilometr təşkil edir və burada artıq son tamamlama işləri görülür. Tunellər gediş-gəliş üçün tam hazır vəziyyətdədir”.

    İlham Süleymanov qeyd edib ki, layihənin 2026-cı ilin ilk yarısında tam yekunlaşdırılması planlaşdırılır: “Layihə boyu 24 körpü, 8 yol qovşağı və ümumi uzunluğu 1980 metr olan 44 ədəd altkeçid inşa olunub. Hazırda layihənin son 10 kilometrlik hissəsində qazma-dolma işləri yekunlaşmaq üzrədir. Layihənin gələn ilin ilk yarısında bizim tərəfimizdən tam şəkildə başa çatdırılması planlaşdırılır”.

    İdarə rəisi avtomobil yolunun dəmir yolu xətti ilə paralel şəkildə olacağını da diqqətə çatdırıb.

    ***

    13:04

    Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri oktyabrın 31-də Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşəcək Həkəri dəmir yolu stansiyası ilə tanış olublar.

    Diplomatik korpusun nümayəndələri burada görülən işlər, dəmir yolunun və stansiyanın tikintisi ilə bağlı həyata keçirilmiş və gələcəkdə görüləcək işlər barədə məlumatlandırılıb. Bildirilib ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin (TRIPP) tərkib hissəsi olacaq.

    Qeyd edək ki, səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edir.

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 20-ci səfəridir.

    ***

    11:32

    Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri oktyabrın 31-də Cəbrayıl rayonunun Horovlu kəndində olublar.

    Burada onlara işğaldan azad ediləndən sonra kənddə aparılmış bərpa-quruculuq işləri və yaradılmış şərait barədə məlumat verilib.

    Qeyd edək ki, səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edir.

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 20-ci səfəridir.

    ***

    11:00

    Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir.

    Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.

    “Ziyarət ərzində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, eləcə də bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomat korpusu ilə birlikdə azad olunmuş ərazilərə bizim 20-ci səfərimizdir”, - o deyib.

    ***

    08:55

    Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb.

    Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirakı edir.

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfər zamanı diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olurlar. Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr, habelə regionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi layihəsi barədə məlumat əldə edir, Ağbənd qəsəbəsi ərazisindəki dəmir və avtomobil yolları ilə bağlı görülən işlərlə yerində tanış olacaqlar.

    Nümayəndə heyəti əsas infrastruktur obyektlərinə, o cümlədən Zəngilan rayonunda “Dost Aqropark” heyvandarlıq kompleksi və Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşən Həkəri dəmiryolu stansiyasına baş çəkəcəklər. Zəngilan şəhərindəki yaşayış kompleksi, məktəb və uşaq bağçası binaları, Zəngilan şəhər məscidinə baxış səfər proqramına daxildir.

    Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradacaq.

    Qeyd edək ki, bu, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin 20-ci səfəridir.