Ceyhun Bayramovla Xavyer Kolomina arasında görüş olub
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi XİN rəhbəri ilə bir sıra məsələləri müzakirə ediblər
Dünən Vaşinqtonda başlayan NATO sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüş olub.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki nəşrində deyilir.
“Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib”, - məlumatda deyilir.
Xarici İşlər Nazirliyi qeyd edib ki, gündəliyə Azərbaycan və Ermənistan arasında sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət və çağırışlar da daxil edilib. Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib.
Xatırladaq ki, iyulun 9-da Vaşinqtonda bu il Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümünə təsadüf edən NATO sammiti başlayıb. Tədbirdə alyansın 32 üzvü ilə yanaşı, Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edir.