XƏBƏRLƏR / Siyasət

Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla danışıb

Bu barədə Tramp “Truth Social” hesabında paylaşım edib YENİLƏNİB

Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla danışıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 19:56

    ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığının uzun və ətraflı olduğunu bildirib.

    Bu barədə Tramp “Truth Social” hesabında paylaşım edib. O qeyd edib ki, telefon danışığı zamanı İran ətrafında mövcud vəziyyət, Rusiya-Ukrayna müharibəsi, ticarət və hərbi məsələlər, eləcə də Tayvan mövzusu müzakirə olunub.

    ABŞ Prezidenti Çin lideri ilə aparılan müzakirələri yüksək qiymətləndirərək, aprel ayında Çinə səfər etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

    “Çinlə münasibətlər və Si Cinpinlə şəxsi münasibətlərim son dərəcə yaxşıdır və hər ikimiz bunun qorunmasının nə qədər vacib olduğunu anlayırıq. İnanıram ki, Prezidentliyimin növbəti üç ili ərzində Si Cinpin və Çin Xalq Respublikası ilə bir çox müsbət nəticələr əldə ediləcək”, – Tramp qeyd edib.

    ***

    19:17

    Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb, "Sinxua" xəbər verir. Söhbətin təfərrüatları hazırda açıqlanmır.


    Bu söhbət Si Cinpinin 4 fevralda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından qısa müddət sonra baş tutub.

    Söhbət zamanı liderlər Əbu-Dabidəki danışıqların nəticələri, İran və Venesueladakı vəziyyət və 2026-cı ilə planlaşdırılan ikitərəfli görüşlər də daxil olmaqla bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər ABŞ ilə münasibətlər barədə də fikir mübadiləsi aparıblar və bildiriblər ki, "burada yanaşmalarımız demək olar ki, eynidir".


    Donald Tramp və Si Cinpin arasında sonuncu üzbəüz təmas 30 oktyabr 2025-ci ildə Cənubi Koreyanın Busan şəhərində baş tutub. Həmin görüş zamanı Amerika lideri çinli həmkarını "böyük bir ölkənin böyük lideri" adlandırıb və ikitərəfli münasibətlərin uzunmüddətli müsbət inkişafına əminliyini bildirib. Tramp həmçinin qeyd edib ki, Si Cinpin özünü "sərt danışıqçı" kimi sübut edib.