Çin "TikTok"un satılmayacağını bəyan etdi
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb

Sosial media nəhəngi "TikTok"un ABŞ-dakı aktivlərinin satışı ilə bağlı razılaşma Çinin ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi cavab tariflərinə görə razılaşmadan çıxmasından sonra ləğv edilib. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Müqavilə "TikTok"un sahibi olan Çinin "ByteDance" internet holdinqi və ABŞ hökuməti tərəfindən təsdiqlənib. Mənbələrin bildirdiyinə görə, saziş sosial şəbəkənin əməliyyatlarının ABŞ-da yerləşən və əsasən amerikalı investorlara məxsus olan yeni şirkətə ötürülməsini nəzərdə tutur.
Məlumdur ki, sövdələşmə uğurla başa çatsaydı, "ByteDance"ın "TikTok" aktivlərindəki payı 20%-dən az olardı.
Yanvarın 19-da ABŞ-da "ByteDance"dan "TikTok"un Amerika seqmentini satmağı tələb edən qanun qüvvəyə minib. Çin şirkəti şərtləri yerinə yetirməsə, Vaşinqton milli təhlükəsizlik səbəbi ilə bu sosial şəbəkədən istifadəyə qadağa qoyacaq.
Ümumilikdə, qanun "TikTok"un Çin şirkəti ilə əlaqələrinin Çin hökuməti tərəfindən idarə olunan xidmətə çevrilməsi ilə bağlı ABŞ-ın narahatlığını əks etdirir. Amerika rəhbərliyinin fikrincə, Pekin platformadan digər ölkələrin sakinlərinin siyasi baxışlarına kütləvi təsir göstərmək üçün istifadə edə bilər.
Martın 23-də "Reuters" mənbələrə istinadən xəbər vermişdi ki, "ByteDance"da çinli olmayan investorlar öz paylarını artırmağı və "TikTok"un ABŞ seqmentini almağı düşünürlər.
Bundan əvvəl Tramp "TikTok"un ABŞ-dakı fəaliyyətinin 75 gün uzadıldığını açıqlamışdı.