XƏBƏRLƏR / Elm və Texnologiya

Çin “Tuencou-9” yük gəmisini orbitə göndərib

Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub

Çin “Tuencou-9” yük gəmisini orbitə göndərib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çin özünün “Tienqon” (Tiangong) kosmik stansiyası üçün növbəti yük gəmisi olan “Tiencou-9”u (Tianzhou-9) orbitə göndərib.

    Kosmik gəmini orbitə qaldıran “Böyük yürüş-7Y10” daşıyıcı raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxtla saat 5:34-də (Bakı vaxtı ilə 1:34) baş tutub. Buraxılışdan təxminən 10 dəqiqə sonra gəmi daşıyıcı raketdən ayrılıb və təyin olunan orbitə daxil olub. Növbəti mərhələdə gəmi kosmik stansiya ilə birləşəcək.

    Yük gəmisi hazırda stansiyada olan “Şencou-20” missiyasının astronavtları, habelə oktyabrda onları əvəzləyəcək “Şencou-21” missiyasının astronavtları üçün lazımi təchizat, o cümlədən həyati dəstək materialları, iki yeni “Feytien” ekstravehikulyar skafandr dəsti, məşq cihazı da dqxil olmaqla 6,5 ton yükü stansiyaya çatdırmalıdır.

    Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı isə iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.

    Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.

    Hazırda stansiyada aprelin 24-də kosmosa göndərilən “Şencou-20” missiyasının astronavtları Çen Don, Çen Conruy və Van Cie fəaliyyət göstərir.