Çin XİN Çin-Azərbaycan münasibətləri barədə açıqlama verdi
Mao Nin: "Strateji tərəfdaşlıq Çin-Azərbaycan münasibətlərinin inkişaf tarixində mühüm mərhələdir"
Çinin və Azərbaycanın dövlət başçılarının Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulması haqqında Birgə Bəyannaməsi iki ölkənin münasibətlərinin inkişafı tarixində mühüm mərhələdir.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Mao Nin iyulun 5-də ənənəvi mətbuat konfransında deyib.
Çin XİN-in rəsmisi bildirib ki, hər iki tərəf strateji tərəfdaşlıq münasibətlərini qarşılıqlı siyasi dəstəyin daha da gücləndirilməsi, əsas xətt kimi “Bir kəmər, bir yol”un keyfiyyətli tikintisi daxil olmaqla, hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq məsələlərdə səmərəli əlaqələndirmənin həyata keçirilməsi, hər iki xalqın mənfəəti naminə Çin-Azərbaycan strateji tərəfdaşlığının sağlam və sabit inkişafı üçün başlanğıc nöqtəsi kimi qəbul edəcək.
Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu diqqətə çatdıran Mao Nin diqqətə çatdırıb ki, ÇXR Lideri Si Cinpinin də dediyi kimi, Çin-Azərbaycan münasibətləri 30 ildən çoxdur uğurla və davamlı inkişaf edir, iki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb.
XİN-in rəsmisi vurğulayıb ki, xüsusilə son illər Sədr Si Cinpin Prezident Əliyevlə sıx əlaqə saxlayıb və Çin-Azərbaycan münasibətlərinə strateji əhəmiyyət verib. Hər iki tərəf suverenlik və ərazi bütövlüyü kimi ölkələrin əsas maraqlarına dair məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İkitərəfli ticarətin həcmi təxminən bir milyon ABŞ dolları səviyyəsindən yüksələrək bir milyard dolları ötüb. İki ölkə Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), BMT çərçivəsində sıx əlaqələrə və əməkdaşlığa malikdir. Bu xüsusda Çin-Azərbaycan münasibətlərinin keyfiyyətcə yaxşılaşması təbii haldır.