XƏBƏRLƏR / Hava

Çində toz dumanı ilə əlaqədar xəbərdarlıq yenilənib

Qeyd edək ki, aprelin 10-dan səhər saatlarından başlayaraq, Çinin şimal, ardınca şərq və mərkəzi bölgələrində səmanı toz dumanı bürüyüb

Çində toz dumanı ilə əlaqədar xəbərdarlıq yenilənib
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Çinin Meteorologiya Mərkəzi ölkənin böyük hissəsində müşahidə olunan toz dumanı ilə əlaqədar dördpilləli təsnifat cədvəli üzrə ən aşağı səviyyədə (“mavi”) xəbərdarlığı yeniləyib.

    Əvvəlki xəbərdarlıqda aprelin 11-də axşam saatlarında toz dumanının çəkiləcəyi bildirilsə də, soyuq hava və güclü küləyin təsiri ilə duman dah çox əraziyə yayılıb. Hazırda Çinin şimal, şərq və mərkəzi bölgələrindəki 17 bölgədə, o cümlədən paytaxt Pekin, Şanxay, Tiencin kimi iri şəhərlərdə müxtəlif səviyyədə toz dumanı müşahidə olunur.

    Qeyd edək ki, aprelin 10-dan səhər saatlarından başlayaraq, Çinin şimal, ardınca şərq və mərkəzi bölgələrində səmanı toz dumanı bürüyüb. Milli Meteorologiya Mərkəzi qumlu toz dumanının qonşu Monqolustandakı səhralardan külək vasitəsilə gəldiyini açıqlayıb. Duman səbəbindən havada sağlamlıq üçün təhlükəli xırda toz hissəciklərin konsentrasiyası normadan bir neçə dəfə yüksəyə qalxıb. Daha dəqiqi havanın keyfiyyət indeksi üzrə şkala ən yüksək həddə - 500-ə çatıb ki, bu da son dərəcə zəhərli hava şəraiti deməkdir. Ahıllara, uşaqlara, respirator xəstəliklərdən əziyyət çəkənlərə açıq havada gəzməmək tövsiyə edilib. Ciddi ehtiyac olmadığı halda açıq hava tədbirlərinin təxirə salınması məsləhət görülüb. Görmə məsafəsinin azalması ilə əlaqədar sürücülərə ehtiyatlı olmaq tövsiyə edilib.

    Meteoroloqlar bu yaz Çinin şimal bölgələrində əvvəlki illərlə müqayisədə qumdan yaranan toz dumanının daha çox baş verəcəyini proqnolaşdırıb. Ötən ilin yazında 8 dəfə bu cür toz dumanı müşahidə olunub. Çin İqlim Bülleteninə əsasən, 2000-2021-ci illərdə orta hesabla il ərzində 10 dəfə toz dumanı qeydə alınıb. Cari il ərzində isə Çinin əsasən şimal hissələrində artıq 5 dəfə bu cür toz dumanı müşahidə olunub. Məsələn, martın 19-da qeydə alınan toz dumanı Çinin 20 vilayətini, ümumilikdə, 5 milyon kvadratkilometrə yaxın ərazini bürümüşdü ki, bu da Çin ərazisinin təxminən yarısı deməkdir.

    Ekspertlər yaz aylarındakı hava şəraitinin səhralarda toz dumanının yaranması üçün daha əlverişli olduğunu düşünür. Qışda və yazda yağıntının az olması da toz dumanının yaranmasına səbəb olan amillər kimi göstərilir. Alimlərin rəyinə əsasən, son günlər səhralarda havanın temperaturunun anidən dəyişməsi və güclü küləyin əsməsi məhz belə toz dumanını əmələ gətirib. Çin hökuməti 1980-ci illərdən etibarən ölkədəki səhralıq ərazilərdə toz dumanının yaranmasının qarısını almaq üçün bir sıra tədbirlər, o cümlədən yaşıllıqların salınması proqramını həyata keçirir. Bunun nəticəsində ölkədə qumdan yaranan toz tufanının nisbətən azaldığı bildirilsə də, ekspertlər səhralarda toz dumanın yaranmasının qarşısının tam alınmasını mümkün hesab etmir. Belə ki, diametri 0,005 millimetrə çatan kiçik qum dənəcikləri 1,5 kilometr yüksəyə qalxa bilir ki, güclü külək bu cür dənəcikləri rahatlıqla başqa ərazilərə “qovaraq”, duman yaradır. Bundan başqa, Çində, Cənubi Koreyada, Yaponiyada, hətta ABŞ-da müşahidə olunan toz dumanının əsas “səbəbkarı” kimi ərazisinin 70 faizi səhralıq olan Monqolustan göstərilir.