Çindən Azərbaycana minatəmizləmə sahəsində növbəti ianə
ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirir
Çin Xalq Respublikasının Azərbaycanda minatəmizləmə əməliyyatlarına göstərdiyi dəstək işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəstək bizim üçün humanitar həmrəylik göstəricisidir və ümid edirik ki, davam edəcək, onun həcmi daha da artacaq.
Bunu Ağdam rayonunda jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, Çin Xalq Respublikasının səfiri bu gün Ağdam rayonuna səfər edib. Səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə tanış olmaqdır. Eyni zamanda, Çin tərəfindən Azərbaycana 1 milyon yuan həcmində növbəti ianə ayrılıb. Bu, Çin Xalq Respublikasının ölkəmizə minatəmizləmə sahəsində dəstəyinin üçüncü mərhələsidir.
Vüqar Süleymanovun sözlərinə görə, ilk mərhələdə Çin tərəfindən iki ədəd rentgen cihazı ianə olunub. Həmin cihazlardan evlərin minatəmizlənməsi əməliyyatları zamanı istifadə edilir. İkinci ianə 2 milyon 300 min yuan həcmində olub. Növbəti ianə isə 1 milyon yuan təşkil edib.
ANAMA İdarə Heyətinin sədri qeyd edib ki, minatəmizləmə əməliyyatları Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində, o cümlədən Qazax rayonunda aparılır. 2020-ci ilin noyabrından indiyədək 313 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Bu əməliyyatlar nəticəsində 272 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib
Vüqar Süleymanov, həmçinin diqqətə çatdırıb ki, bir sıra ölkələr Azərbaycana minatəmizləmə əməliyyatlarında dəstək göstərir. Lakin, ümumilikdə, bu əməliyyatlara sərf olunan vəsaitin çox az bir hissəsi ianələr hesabına qarşılanır. Belə ki, ianələrin məbləği dövlət tərəfindən xərclənən ümumi vəsaitin 5 faizindən azını təşkil edir. O, beynəlxalq dəstəyin və ianələrin sayının gələcəkdə artacağına ümidvar olduğunu bildirib.
2 dəqiqə