BLOQ

Çingiz, sənə bir qucaq Vətən gətirmişəm

Yazı Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “Ən yaxşı yazı” müsabiqəsinə təqdim olunur

Çingiz, sənə bir qucaq Vətən gətirmişəm
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 32 yaşlı Çingiz, sənə 26 avqust 2023-cü il tarixində yazmağım özəl səbəbə dayanır. Doğum günün ərəfəsində sənə azad Qarabağdan bir qucaq VƏTƏN gətirmişəm.

    “Qubadlıya qədər getdim, bir dənə də binamus geri qayıtmadı, həyatlarının axırına qədər peşman olacaqlar” demişdin. Bu ürək yanğılı sözləri 92-ci ilin 16 mayında Laçında söyləmişdin, həmin görüntüləri lentə alıb televiziyada göstərmişdin.

    Amma həmin gün vətənşüvənlər kar olmuşdu. Ovaxtkı müdafiə naziri Rəhim Qazıyev öz rolunu məharətlə oynamışdı. Laçından Bakıya qaçan bir neçə əsgəri Ali Sovetin qarşısında yumruqlamaqla öz vəzifəsini icra olunmuş hesab etmişdi.

    O Qazıyev ki, 2020-ci il iyulun 12 və 13-də Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yaymışdı. Layiqli cəzasını da almışdı.

    Bu məqamda bir Çingiz fərqi – o, yerindəcə, anındaca hərəkətə keçirdi, sonradan haray-qışqırıq salmırdı. Nazir deyildi, deyək ki, vəzifəsini yerinə yetirirdi. Çingizin kamerası 7/24 Vətənə işləyirdi. Satqınla vətənpərvəri bir saniyədə ayırd edən o kamera Çingizin şəhadətini də canına hopdurdu, son anında belə onu tərk etmədi.

    cina.jpg (39 KB)

    Hərbçi, həkim olmağın 32 əlifbasını da kökündən bilirdi Çingiz, torpaq uğrunda can vermək, qan tökmək istəyi isə öz qanından, canından gəlirdi. Çingiz sözün əsl mənasında bilə-bilə alovla oynayırdı, Azərbaycanın qara gününə bəyaz naxışlar ötürməyə çalışırdı. Çingiz işıq üçün savaşırdı, öz istəyinə çatdı, cənnətdən əl yellədi öz sevənlərinə.

    Qəhrəmanım, bu gün sənin günün! Bu gün Azərbaycanın ürəyi Laçında döyünür - Laçın Şəhəri Günüdür, orada həyat qaynayır. Bu gün hər kəs laçınlıdır. Məhəbbət Kazımovun “Laçınım” mahnısı himnə çevrilib, iki addımdan bir qulağa işləyir bu məşhur ifa. Sosial şəbəkələr Laçına işləyir bu gün. “Laçına gözəl yağış yağır” deyirlər. Sevinc, sevgi o həddə qalxıb ki, yağışı sevməyənlər üçün də Laçın yağmuru bir başqa olub.

    Milli Qəhrəmanım, Laçın şəhəri, Zabux 31 ildən sonra öz sakinlərinə qucaq açıb.

    zabux son.jpg (129 KB)

    Vandalların 30 il “at oynatdığı” Laçını 8 aya dirçəltməyi bacardıq. “El bir olsa, dağ oynadar yerindən” misalı boyumuza biçilib. Dünəndən Zabuxa ilk köç başlayıb. Öz torpağına qovuşanların əlləri artıq işlərə isinəcək, yanlarında olmayacaq, üzlərindəki donuq təbəssüm vətən istisi ilə açılacaq. 20 ailə - 88 nəfər artıq öz evinin açarını alıb. Sənin kimi fotoaparatı ilə nəfəs alan dünya şöhrətli fotoqraf Reza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları – onlar öz vətənlərinə qayıdırlar.

    evim.jpg (139 KB)

    Məncə, evinə qayıdan uşaqlar üçün daha çox sevinirsən. Sən uşaqları çox sevirdin çünki. Bunu erməni cəlladlarının amansızlıqla qətlə yetirdiyi körpələrin meyitlərini qucağına alanda göz yaşlarını saxlaya bilməməyindən də anlamaq mümkündür.

    Qəhrəmanım, sənin 92-də “torpağı atıb qaçmayın” dediyin xainlərin erası çoxdan bitib. Aslan ürəkli şəhidlərimiz, qazilərimiz o torpaqları azadlığına qovuşdurub, başımızı uca ediblər. “Dəmir yumruq”lu qələbəmizdə sənin də payın var. Əkdiyin qəhrəmanlıq toxumu 3 il əvvəl öz bəhrəsini verdi.

    Yaddaşıma daha çox laçınlı Çingiz kimi yazılmısan. Ötən ilin oktyabrında Laçına girişdə 32 yaşlı Çingiz gözlərimin qarşısında canlandı. Üz-gözündən yorğunluq, fikir süzülən Mustafayev bu dəfə mənə gülümsəyirdi. Arzusuna çatmışdı çünki.

    Sənin ən ali arzun da mənə bəyandır – Xocalını görmək istəyirsən. 1992-ci ilin 28 fevralında ruhları ilə yan-yana durduğun körpələrin, yaşlıların qanı yerdə qalmayacaq. Bu əminliyim güclü ordumuzdan, cənab Ali Baş Komandandan, bir yumruq kimi birləşməyi bacaran xalqımdan gəlir. Tezliklə üçrəngli bayrağımız Xocalıda, Xankəndidə dalğalanacaq. Qondarma “artsax” can üstə. Laçın yolunun “blokada”da olduğunu deyib timsah göz yaşları tökən, dünyadan imdad dilənən araikkimilər, separatçılar can çəkişir. Yeni əməliyyatla başları birdəfəlik əziləcək.

    Çingizlə EYNİ YOLDA

    Dəyərli həmkarım, səni jurnalistikaya Qarabağ dərdi gətirib, məni isə sən gətirmisən. Sən ixtisasca həkim olmusan, mən isə ixtisasca diplomat və sosial psixoloqam. Demək ki, jurnalistikaya sevgi qandan, ən əsası, bacarıqdan gəlir. Sənə çatmaq yolunda irəliləyirəm – “Döyüş alnımıza yazılıb!”

    Mən o döyüşə 2014-cü ilin martında səninlə (ANS-lə) qoşulmuşam. Seçim günündə həyəcandan, tələskənliyimdən ayağım burxulub həkimlik olsa da, sənin yoluna olan sevgim o ağrını üstələdi, daha doğrusu, unutdurdu.

    Bütün ağrı-acıları unutmaq diləyilə, 32 yaşın mübarək, Çingiz Mustafayev!

    Aytən Novruz
    Musavat.com