Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirildi
Uşaqlar Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq
Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 ukraynalı uşağı daşıyan təyyarə Heydər Əliyev adına hava limanına eniş edib.
Hava limanında onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları qarşılayıb.
Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə dəvət olunan uşaqlar Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq.
Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixososial təlimlər, ustad dərsləri vasitəsilə uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərə ekskursiyalar da təşkil olunacaq.
Qeyd edək ki, ötən il də bir qrup ukraynalı uşaq Azərbaycana gətirilmişdi.