Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi
Elmar Məmmədovun sonuncu döyüşü 1992-ci il yanvarın 26-da Daşaltı kəndində olub.
31əvvəl Birinci Qarabağ müharibəsi zamanı Daşaltı uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Məmmədov Elmar İnqilab oğlu ilə sentyabrın 30-da Şamaxının Cümə məscidində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, media nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhid Elmar Məmmədovun nəşinin qalıqları rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı oğluna təqdim olunub.
Elmar Məmmədov 1967-ci il mayın 25-də Bakıda dünyaya gəlib. O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ilin Yanvar faciəsindən sonra silaha sarılıb və cəbhəyə yollanıb. Qəhrəman döyüşçü silahdaşları ilə birlikdə Tərtər, Goranboy, Quşçular və Malıbəyli uğrunda döyüşlərdə iştirak edib. Onun sonuncu döyüşü 1992-ci il yanvarın 26-da Daşaltı kəndində olub.