“Dahilərin Divanı”nda gördüyüm yuxu
Aparıcı: Vahid Mustafa yev; Qonaqlar: İlya İlf və Yevgeni Petrov (Rusiya tərəfi), Mark Tven (ABŞ tərəfi)

Bu səhər yuxudan çox tərləmiş oyandım. Bilmirəm, bu istidən belə oldu, yoxsa gördüyüm yuxunun həyəcanından, amma tər su yerinə axırdı. Bu qədər maye mənim artıq yuxumu suya danışmaqdan da azad edərək onu birbaşa əziz tamaşaçılarıma söyləməyə imkan yaratdı.
Nə isə… Yuxuda özümü ANS TV-nin studiyasında gördüm. O studiyada bir vaxtlar yayımlanan məşhur “Dahilərin Divanı” verilişini aparırdım.
Bir sözlə, yataqdan qalxıb masanın üstündəki su dolu fincanı başıma çəkdim. Lakin həddindən artıq su müşahidəsi fincanın yalnız yarısını boşaltmağa imkan yaratdı… Yarısı hekayənin sonuna qaldı.
Studiyanın arxa fonu yaşıl idi, qarşımda üz-üzə dayanan debat masalarının biri qırmızı, digəri isə göy rəngdə idi. Masaların üstündəki üç fincanın üçünün də suyu yarımçıq idi. Qarşımda iki möhtəşəm tərəf: sağımda - İlya İlf və Yevgeni Petrov, solumda - Mark Tven. Mövzumuz - Azərbaycan ilə Ermənistan arasında imzalanan sülh bəyannaməsi. Yuxuda olduğum üçün nə verilişin reytinqini, nə də efir vaxtını düşünürdüm; amma bu, yəqin ki, ANS-in tarixində ən çox baxılan “Dahilərin Divanı” olacaq.
Vahid Mustafa yev:
– Hörmətli qonaqlar, bu gün bütün dünyada qanlı savaşların başlanması və minlərlə insanın həlak olması fonunda, biz əsrlərlə davam etmiş bir münaqişənin sona çatmasından danışacağıq. ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan sülh bəyannaməsinin imzaladı. Skeptiklər bunu vacib olsa da, sadə bir kağız hesab edirlər, amma “Daş, Qayçı və Kağız” oynundan xəbəri olan uşaqlar bilirlər ki, Kağız Daşı örtməklə məğlub edir. Bəli, Qayçı Kağızı kəsə və iki yerə bölə bilər, amma tarix göstərir ki bu parçalar vaxt gələndə Qayçıya meydan oxuya bilər…
Mark Tven:
- Əzizim Vahid, su da sakit olanda daşlar məğlub olaraq dibdə yatır. Sizin Cənubi Qafqazda da indi sular sakitləşib - amma bu axının altında nə qədər daş olduğunu düşünməsək, bir gün hava dəyişsə, qayıq həmin o daşlara sürtünər. Sülh sənədi gözəldir: sərhəd çək, yol aç, ticarəti burax - pul axını başlayanda insanlar barıt qoxusu əvəzinə qəhvə qoxusuna daha çox əhəmiyyət verər. “Verər”, “verir” yox. Yəni bir plan var, bir də onunla yaşayan adamlar.
İlya İlf (qollarını açaraq):
– Hörmətli Vahid və münsiflər heyətinin digər cənabları! Buz tərpəndi! Şəxsən mən “sülh” sözünə ehtiyatla yanaşıram. Çünki sülh sürüşkən şeydir, ona görə ki, qanlı çayların üzərində qurulur. O ki qaldı Zəngəzur məsələsinə - o sürüşkən yox, mürəkkəbdir. Və ən əsası, bu mürəkkəbin rəngidir. O Göy, ya Mavi, Qırmızı, Yaşıl da ola bilər. Hər şey flomasterlərin kimin əlində olduğundan asılıdır. Sülh eyni zamanda dünyada ən bahalı şeydir. Adamın başını aparır. Keçmişdə tərəflərin kifayət qədər pulu olmayanda sülh bağlamaq çox çətin iş idi. Indi isə Sülh planını çəkmək üçün kredirt almaq olar.
Yevgeni Petrov (tamamlayır):
– Yəqin ki, Mark da sərhəd deyəndə Zəngəzuru nəzərdə tutur. Özü də bərk-bərk tutur. Kreditlə tikilən hər bir yolun başlanğıcında balaca bir otaqda bir sarışın qız oturur və qara əlcəklərlə yolçulardan rüsüm yığır… Axı kreditin faizlərini ödəmək lazımdır. Niyə qara əlcəklərdə? Ona görə ki, pul çirkli şeydir, ağ əlcəyə isə ləkə tez düşür. Mənə maraqlıdır, bu pullar hansı valyutada yığılacaq: dram, manat, yoxsa dollarla? Bəs tutaq ki, kiminsə nağd pulu yoxdur, onda “kartdan-karta” əməliyyatı hansı bank vasitəsi ilə həyata keçiriləcək?
Vahid Mustafa yev:
– Sadalanan pul vahidləri arasında rublun adının çəkilməməyi məsələyə xüsusi maraq kəsb edir. Mənim bir yaxşı dostum deyirdi ki, “Bankir günəş çıxanda sənə çətir verən və yağış yağmağa başlayanda onu əlindən alan adamdır". Mark, sən bu barədə ne düşünürsən?
Mark Tven (yavaş və sakit):
– Ümumiyyətlə, Allah müharibələri yaradıb ki, amerikalılar coğrafiyanı öyrənsinlər. Mən bir dəfə qatarla Nyu-Yorkdan Nyu-Cersiyə gedirdim. Yanımda bir əsgər oturmuşdu, evə dönürdü. Üzündə elə bir rahatlıq vardı ki. Ona baxarkən çox şeyi anladım - insan üçün sülh pul və ya onun rəngi yox, qatar biletidir. Sadəcə, minirsən və bilirsən ki, yolun sonunda səni ev gözləyir.
İlya İlf (gülümsəyərək):
– Zarafat edirsən? Qatar, dostum Tven, dəbdəbə deyil – nəqliyyat vasitəsidir. Son zamanlar nəqliyyatda qəzalar haqda o qədər yazıllar ki, istər-istəməz sual yaranır – bəs bu qatar sürücüsünə marşrutu kim yazır, o sağlamlıq sertifikatı və ya "prava"sını hardan alıb?
Vahid Mustafa yev:
– Qatarı bilmirəm, amma skeptiklər deyirlər ki, İran və Rusiya Zənqəzur ərazisində nəinki nəqliyyat vasitəsi ilə, hətta onların izni olmadan ayaqla hərəkət etməyə heç vaxt imkan verməz. Yəni, onlar bizi bu həyatın şənliyində yad adam hesab edirlər…
Yevgeni Petrov:
– İnsanlar dəyişmirlər, şərait dəyişir. Fars dilini bilmirəm, amma rus dilində “Heç vaxt” ifadəsi çox elastik sözdür. Dünən “Heç vaxt” dediyimizə bu gün “Bəlkə” deyirik, sabah isə “Biz özümüz təklif etmişdik” deyirik. Bu bir çox hallarda bu sözün mənası parada kimin rəhbərlik etdiyindən asılıdır.
İlya İlf:
– Boğulanları xilas etmək boğulanların özlərinin işidir! Təəssüf ki, bu gün hamı elə bilir ki, boğulan Rusiyadır, dəniz isə ABŞ. Amma bu belə deyil. Ayı dənizə balıq tutmaq üçün girir, batmaq üçün deyil. Balığını tutandan sonra dənizdən çıxır və kolnü balıq istəməyənədək bir daha dənizə girmir.
Mark Tven:
– Şəxsən mən siyasətdə “Heç vaxt” sözünü eşidəndə saatımı çıxarıb stolun üstünə qoyuram. Çünki “heç vaxt” çox vaxt “hələlik” deməkdir. Rusiya bu regionda çoxdan “dayaqlı qonşudur”. Qonşunun həyətından keçən yol çəkirsinizsə, onun itinin harada bağlandığını bilməlisiniz. Məncə, burada məsələ Rusiya və ABŞ arasında deyil. Məsələ, Azərbaycan və Ermənistanın öz evlərini hasarsız görə bilməsindədir. Amma… Bəzən hasar olmayanda itlər qaçır, qapır və özünə başqa sahib tapır. Unutmayın ki, "çörək verdiyiniz it sizi heç vaxt dişləməz. Heyvanla insan arasındakı əsas fərq budur". Söhbət insanlardan gedirsə - həm hasar, həm darvaza, həm də bunlara ciddi nəzarət mütləq lazımdır!
Vahid Mustafa yev:
– Bir dəqiqə, Mark… Yenə də hasar, yenə də darvaza, yenə də nəzarət? Məncə, biz keçmişdə bunları çox eşitmişik və məncə, məhz bunu eşitməmək üçün adamlar Ağ Evə qonaq-qara buyurmuşdular.
Mark Tven:
– Mən idealistəm. Amerikanın köhnə bir qaydası var: “Hasarlar qonşuluğu möhkəm edir, darvazalar biznesi”. Sərhədlər - “hasar”dır, Zəngəzur - “darvaza”. Mallar keçsin, vergi və rüsumlar toplansın, tərəflər paylaşsın. Pul “siyasi romantika”nı soyudar, romantika yerini rasionallığa verər. Düşünürəm ki, bu yeni tikilən yolun kənarında dondurma köşkləri olmalıdır. İnsanlar sərhədi keçəndə bir az şirinlik dadsınlar ki, ağızları şirin olsun.
İlya İlf:
– Bəli, iqtisad mədəniyyəti soyudur, amma mədəniyyət iqtisadı isidir. İkisi birlikdə — sabit temperatur verir. Necə deyərlər, axşam mədəniyyət, səhər iqtisadiyyat! Gərək sülhün dili simvolik olsun: ortaq sərgilər, ortaq kino festivalı, sərhəd bazarında şərikli çörək. Bu rolu regionda həmişə Rusiya oynayırdı. Burada insanlar Cek Londonu yox, Fyodr Dostoyevskini sevirlər.
Yevgeni Petrov:
– Cənablar, onu da unutmayaq ki, hər dondurmanın içində külli miqdarda şəkər var. Şəkəri çox yeyən xalqlar isə adətən dişsiz olurlar.
Vahid Mustafa yev (üzərində qızıl hərflərlə "ANS" yazılan qovluğu açır):
– Mənə elə gəlir ki, biz mövzudan uzaqlaşırıq. Gəlin, imzalanan “sülh check list”ini bir daha nəzərdən keçirək:
1. Sərhədin demarkasiyası - xəritə, GPS, arbitraj mexanizmi;
2. Tranzit rejimi - suverenlik prinsipi pozulmadan “keçid protokolu + gömrük inteqrasiyası + təhlükəsizlik müşahidəsi”;
3. Birgə komissiya - qərarlar konsensusla qəbul olunmalıdır;
4. İnvestisiya zəmanətləri - “risk sığortası” (məsələn, üçüncü tərəf fondları), layihə üzrə gəlir pay bölgüsü;
5. Dayandırıcı klauzula - təxribat olarsa, “pilləli reaksiya”: diplomatik xəbərdarlıq - tranzit sürətinin müvəqqəti azaldılması - üçüncü tərəf arbitrajı;
6. İnsan yönümlü paket - qaçqın, köçkün məsələlərinin mərhələli sosial həlli; vizaların yüngülləşməsi; tələbə mübadiləsi.
Nə düşünürsünüz? Deyəsən, Sülh saata baxmağı sevmir, hətta bu "VMF" saatı olsa belə…
İlya İlf:
– Hər şey “tiryəki xalqa neçəyə satacaqlar?” sualına cavabdan asılıdır. Tiryək dedim, Persiya yadıma düşdü… Bu müqavilədə İran təranələri haqda heç nə yoxdur. Bəlkə İran üçün də orada yolun qırağında bir koma tikilsin ki, İslam İnqilabının Keşikçiləri oturub buz kimi "Kola" içərək bu izdihamı seyr edib feyziyab olsun? Detallara diqqət edin, çünki şeytan orada gizlənir.
Mark Tven:
– "Hər bir sazişin ay kimi heç kimə görünməyən qaranlıq tərəfi var". Mən vaxtı göstərilməyən planları müharibədən göndərilən bir məktub kimi görürəm. Tarixi yazmayıb göndərsən, poçtalyon onu çatdırmağa tələsməz.
Yevgeni Petrov:
– Sülh sənədinə zaman yazmaq lazımdır: 3 ayda komissiya, 6 ayda pilot keçid, 12 ayda audit, 24 ayda tam fəaliyyət, 36 ayda sakit müşayət etdiklərinə görə Rusiya və İrana Fəxri Diplom. Yoxsa bu sülh yox, sonsuz teatr məşqi olar.
Vahid Mustafa yev:
– "Sonsuz sözü" Azərbaycan dilində bir neçə mənada istifadə olunur. Amma mənim sualım başqadır – xatırlayıram ki, qabaqlar azərbaycanlılarla ermənilər arasında dostluq və qardaşlıq var idi. Hətta müştərək xalq artistlərimiz “Qardaş olub Hayastan-Azərbaycan” mahnılarını oxuyurdular. Maraqlıdır, bu mahnını hansı tərəf birinci oxuyacaq? Bəlkə başqa bir mahnı yazılacaq və ya ümumiyyətlə, heç bir mədəni barışıq olmayacaq?
İlya İlf:
– Ermənilərin bir milli, antropoloji xüsusiyyəti var. Onların burunları. Bu səbəbdən onların bir gözü gələcəyə, diqəri isə keçmişə baxa bilir. Bu unikal xüsusiyyət onlarda dünyaya bir az çəp baxış effekti yaradır.
Yevgeni Petrov:
– Azərbaycanda isə “torpaq məsələsi bitib” deyənlə “amma…” deyən arasında daim bir pauza var. O pauza ya mahnıya, ya da qışqırığa çevrilə bilər.
Mark Tven:
– “Yaxşı dostlar, yaxşı kitablar və yatan insan - ideal həyat budur". Məncə, hər iki yerdə insanlar sadəcə yatmaq istəyirlər — səhər uşaqlarını məktəbə, özlərini isə işə aparmaq üçün. Sülhün əsas meyarı məhz budur. O ki qaldı mahnılara – bu sərmayədən asılıdır. Pul olan yerdə gələcəyə baxan göz mahnılar da oxuyar, rəqslər də görər. O ki qaldı keçmişə baxan gözlər – burada da "Sərmayə xanım" münasibət korlaya biləcək mahnı və filmləri arxivlərin ağır qapıları arxasında qoruya bilər.
Vahid Mustafa yev:
– Deməli, sülh həm bilet, həm darvaza, həm də dondurma köşkü kimi işləyən bir reallıqdır?
İlya İlf:
– Kassasında mədəni və əsrlərlə burada kassaya nəzarət edən "kassir"in satdığı Bilet.
Yevgeni Petrov:
– Və qapısı hər iki tərəfə deyil, hər dörd tərəfə - Şimala, Cənuba, Şərqə və Qərbə açılan Darvaza.
Mark Tven (gülür):
– Və həyatında iki böyük günə görə yaşayanlar: dondurma yediyi və bu dondurmadan dişi ağrımadığı günə görə!
Vahid Mustafa yev:
– Əziz dotslar! Burada mənim yuxum sona çatır. Mən sizinlə vidlaşıram. Yekün olaraq bunları anladım - Sülh - yaxşı yazılmış müqavilə və pis hava üçün möhkəm dam örtüyüdür. Damın kirəmitlərini bir-bir mismarlamaq lazımdır ki, vətəndaş damın altında yağışın səsini eşitməsin. Hamımız bilirik ki “Əlyazmalar yanmır”, tarix də. Amma yeni fəsil yazmaq olar. Bunun üçün qələm də, kağız da var. Qələm — iradə, kağız — ümiddir. Qaldı mürəkkəb, onu mədəniyyət və insanların gündəlik faydalarından istehsal etmək olar. Bu mürəkkəb ilə yazılan sülh — silinməz olar, xoşbəxt yaşayan insan isə həmişə minnətdar olar.
Mən yuxudan ayılanda studiya yox idi, amma mənim masamın üzərində artıq bir yox, 3 yarımçıq içilmiş fincan var idi. Bəlkə də bu, sülhün metaforasıdır: içilməmiş yarısı hələ qarşıdadır.