Şahzadə Annanın qisası və ya yağışın arxasında qalan qadın
(Anna İbrahimbəyovanın adsız foto-əkslər sərgisi haqqında foto-esse)
Şüşədə sınan şəhər
Hamımız tez-tez, əsasən də yay vaxtı “Şəhər yanır” ifadəsinin şahidi olmuşuq. Sözsüz ki, bu sadəcə metaforadır — şəhər yanmır. Sadəcə, şəhər şam namazında səcdəyə gedərək günəşin nur rəngini bürmələyib içinə salırsa, sübh namazında səcdədən qalxan günəş şəhərin gecə pijamasını çıxararaq közərən nuru geri alır.
Şüşənin üzərindəki şeh axan su damcılarına çevrilir və Maqsudsuz (məqsədsiz də oxuna bilər) Bakının halını sanki gizli şəkildə təhrif edir — şəhər ümidsizlikdən biləyində ülgüclə kəsdiyi çapıqları gizlətmək istəyir, qeyri-ixtiyarı yaranan göz yaşlarından utanır və sifəti qızarır.
Bu kompozisiyada nə əsəri yaradan, nə də onun qəhrəmanı var. Ən azından, birbaşa yoxdur. Burada kraliça Annanın qisası yelkən sapanları ilə İçərişəhərin elektrik xətlərini tarıma çəkərək eşq simfoniyasını ifa edir.
Maraqlıdır — bəzən insanın yoxluğu onun varlığından daha aydın görünür. Elə ən doğru portret də insanın olmadığı yerdə yaranan obrazdır. Çünki bu kadrda kraliça Anna şam ilə sübh namazı, işıq ilə kölgə arasında qalan bir qərardır.
Dünya başıaşağıdır — amma rahat olun
Annanın fotoları və ümumiyyətlə dünyası əks istiqamətdə formalaşır. Və qəribəlik ondadır ki, bu dünya düz olsaydı, daha az inandırıcı olacaqdı.
Düşünürəm ki, reallıq çox vaxt sadəcə uğursuz eskizdir. Biz çox vaxt əzizlərimizi xəyanətkar görəndə məyus oluruq. Lakin gözlərimizin birini — etibarsızını bağlasaq, məsələni daha vəfalı görərik. İki gözümüzü də bağlasaq, ümumiyyətlə heç nə görmərik… Yalnız arxamızca bizim naşılığımıza gülən işıq dirəklərinin cızıltısını eşidərik.
Gözümüzü bir daha açanda nə görürük? Annanın 12 brilyantdan ibarət zinət əşyasının parlaq qaşları dəniz ləpəsinin damcıları tək darıxdırıcı və vəfasız кral iqamətgahının ətrafında əks olunub.
Onu da unutmaq lazım deyil ki, bu iqamətgah yalnız öz əksində mövcuddur. Əslində isə bu, binanın yox, xatirələrin memarlığıdır. Məhz bu səbəbdən Anna insan həyatına düz yox, əksinə baxanda onu daha mənalı görür. Bəs biz nə görürük? İqamətgah da öz yerindədir, şahzadə Annanın ətrafda səpələnmiş 12 brilyantdan ibarət zinət əşyası da.
Şüşənin soyuq mikroskopu
Şüşə yaranan gündən soyuq polada bənzəmək istəyirdi. Onun ciyəri, dalağı və ürəyi də soyuqdur, əmisi oğlu isə buz kimi. Üzərinə qonan yağış damcıları isə bu soyuqluğu kainat səviyyəsinə apararaq onu daha da qaraldır.
Lakin Anna bu qaralan soyuq bağırtını qadıncasına yumşaq və isti bir yuvada gizlədərək ona nur qatır, ona işıq verir.
Odur ki, şahzadə Anna dəniz dəryasında dram axtarmır — onsuz da kifayət qədər nəmli həyatda işıq dirəyi axtarır ki, ona arxalansın və qızışsın.
Qızılı su — və ya yaddaşın temperaturu
Növbəti kadr artıq sakitdir. Hətta bir az təhlükəli dərəcədə sakit. Suyun üzərindəki qızılı rəng — bu, günəş deyil. Bu, xatirənin temperaturudur.
Artıq bu əsərdə Annanı, nəhayət, görmək mümkün olur. Burada əsl Anna var — o nə şahzadədir, nə usta, o heç insan da deyil — Anna vaxtdır.
Azərbaycan dilində “yaşlı” sözünün iki mənası var və mövcud olan hər iki məna bu əsərə xasdır. Kadr həm nəm, həm də mənalı ömrün yaşları ilə doludur.
Məncə, Anna kimi insanlar yaşlanmır, sadəcə, onların xatirələri daha bahalı olur.
Pəncərə — və ya heç vaxt açılmayan dialoq
Son şəkil pəncərədir. Amma baxmaq üçün yaranan pəncərə deyil. Bu, baxmamaq üçün beyin əsəbi ilə cilalanmış pəncərədir. Hər an qırılmağa hazır balaca, böyük, çoxlu əsəblə anqıran şüşə.
Əsəbindən şəhəri də çölə çıxaran bu pəncərənin nə qıfılı, nə də cəftəsi var. Beləliklə, bu pəncərə yox, sadəcə, aydın bir dialoqdur… Heç vaxt, heç kimlə açılmayan dialoq...
4 dəqiqə