“Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik”
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə tədbir COP29 çərçivəsində keçirilib
Bakı Təşəbbüs Qrupu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilən konfrans keçirib.
Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilən “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı tədbirdə vaxtı ilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak ediblər.
Tədbirdə keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilərək, Afrika qitəsi üçün yaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr bu regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələləri əhatə edib. Tədbirdə iştirak edən afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq, həmin dövlətlərin müstəmləkəçi siyasətini davam etdirməsindən danışıblar və kolonializmin yeni təzahürlərini icra etməyə cəhd etmələrini pisləyiblər. Xüsusilə də, Fransa dövlətinin müstəmləkə siyasəti nəticəsində Afrikanın Sahel bölgəsindən qovulduğunu vurğulayıblar. Dekolonizasiya prosesinin uğurlu olması üçün onun kağız üzərində deyil, əməllərlə sübut olunmalı olduğunu vurğulayan natiqlər dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin labüdlüyünü qeyd ediblər. Tədbirdə hazırda müstəmləkəçilik altında olan bölgələrin tezliklə dekolonizə edilməsinin vacibliyi bildirilib.
Natiqlər, həmçinin, müstəmləkəçiliyin Afrikada dərin iz buraxdığını, onun təsirlərinin bu gün də hiss olunduğundan söz açıblar. Qeyd ediblər ki, qitənin üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişikliyidir. Müstəmləkə keçmişi ilə Afrikada mövcud iqlim böhranı arasındakı əlaqələr çoxşaxəlidir və ətraflı təhlil tələb edir. Bildirilib ki, müstəmləkəçi güclər Afrika ölkələrini xammal və ucuz işçi qüvvəsi tədarükçülərinə çevirərək, yerli sənaye və kənd təsərrüfatının inkişafını boğublar. Bu siyasət müstəmləkə altında olmuş və olan ölkələrin iqtisadiyyatlarını ixracdan yüksək dərəcədə asılı və xarici şoklara, habelə iqlim dəyişikliyinə qarşı həssas edib. Müstəmləkəçilərin monokulturalar və meşələrin qırılması kimi qeyri-davamlı torpaq idarəetmə təcrübələrindən istifadə etməsi torpağın deqradasiyasına və münbitliyin azalmasına səbəb olur. Bu da öz növbəsində Afrika ölkələrinin quraqlıq və digər ekstremal hava hadisələri qarşısında həssaslığını artırıb. Bir çox Afrika ölkələri neftin və qazın böyük ixracatçılarına çevrilərək, qalıq yanacaqlardan asılılığını artırır və bərpaolunan enerji mənbələrinə keçidi ləngidir. İqlim dəyişikliyi kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə və ümumi iqtisadiyyata mənfi təsir göstərən daha tez-tez və intensiv quraqlıq və daşqınlara səbəb olur. Dəniz səviyyəsinin artması, xəstəliklərin yayılması, miqrasiya kimi problemlər doğurur.
Qeyd edək ki, BTQ-nin bu tədbiri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində təşkil edilib.
Tədbir çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətini əks etdirən video nümayiş olunub. Tədbir yerində Fransanın Afrika ölkələrində keçirdiyi nüvə sınağının mənfi nəticələrini əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Fransanın apardığı nüvə sınaqlarının ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və davamlı mənfi nəticələr göstərdiyi nümayiş olunub. Soyuq Müharibə və Fransanın müstəqil nüvə gücü əldə etmək istəyi fonunda bu sınaqların həyata keçirildiyi bölgələrdə zəhərli miras qoyduğu vurğulanıb.