XƏBƏRLƏR / Kriminal

“Sputnik Az”ın icraçı direktoru və şef redaktoru həbs olundu

YENİLƏNİB

“Sputnik Az”ın icraçı direktoru və şef redaktoru həbs olundu
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 19:17

    Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilib.

    Xətai Rayon Məhkəməsində onların barəsində qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxılılıb.

    Məhkəmənin qərarı ilə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Onlara Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.

    ***

    17:19

    "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

    Sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirib ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onun sözlərinə görə, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

    ***

    14:29

    Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

    Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.