Dövlət Statistika Komitəsi Azərbaycanın əhalisi barədə
Doğulaların da, dünyasını dəyişənlərin də sayı azalıb
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ilin yanvar ayında Azərbaycan əhalisinin sayı 4228 nəfər və ya 0,04% artaraq 2023-cü il fevralın 1-nə 10 milyon 131,373 min nəfərə çatıb.
Ölkə əhalisinin 54,6 faizi şəhərlərdə, 45,4 faizi kənd yerlərində yaşayır. Eyni zamanda, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.
Yanvarda respublikada 9935 körpə doğulub ki, bu da bir il əvvəlkindən 2,6% azdır. Bu dövrdə hər 1000 nəfərə düşən doğum səviyyəsi 11,5 olub. Doğulan uşaqların 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edib. Hesabat dövründə Azərbaycanda 296 əkiz, 30 üçəm doğulub.
Ötən müddət ərzində Azərbaycanda 5810 nəfər dünyasını dəyişib. Hər 1000 nəfər üçün ölüm nisbəti 6,8 (2022-ci ilin yanvarında ölüm nisbəti 7 idi - İF).
2023-cü ilin yanvar ayında respublikada 3,979 min nikah (2022-ci ilin yanvar ayı ilə müqayisədə 27,3% azalma) və 1,37 min boşanma (artım 9,8%) qeydə alınıb.