Dövlətə xəyanətdə təqsirləndirilənlərin məhkəməsi başlayır
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Bakıda Vətən xainlərinin məhkəməsi başlayır.
Dövlətə xəyanətdə təqsirləndirilən 44 yaşlı Rəşad Əhmədov və 33 yaşlı Rövşən Əmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatındadır. Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.
Xatırladaq ki, 2023-cü ilin mayında Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən dövlətə xəyanətdə və Azərbaycanda terror və təxribat xarakterli aksiyalar planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Rəşad Əhməd oğlu Əhmədovun saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunduğu məlum olub. Əhmədov üçüncü ölkədə yaşayıb və Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirib. Müəyyən edilib ki, Əhmədov 1991-ci il təvəllüdlü Rövşən Musa oğlu Əmirov və ona tapşırılmış göstəriş əsasında cəlb etdiyi digər şəxslərlə əlbir olaraq Azərbaycanda etnik və dini zəmində nifrətin qızışdırılmasına, ölkənin ərazi bütövlüyünün dağıdılmasına açıq çağırışlardan ibarət videomateriallar hazırlayıblar. Bu videoçarxlar Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və onların nəzarəti altında “Youtube” kanallarında və digər sosial şəbəkələrdə Azərbaycan dilində yayılıb.
Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında olan Rəşad Əhmədov etnik separatizm məqsədilə İrəvan Dövlət Universitetinin kafedra müdiri Qarnik Asatryan və başqa şəxslərin Azərbaycan Respublikası ərazilərinin fraqmentləşdirilmiş təsvirləri olan 200 saxta xəritənin Azərbaycan vətəndaşları arasında yayılmasını təşkil edib.
Bundan başqa, Əhmədov Azərbaycan vətəndaşlarının etnik və dini zəmində iddia edilən iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan ərazisində partlayışlar, yanğınlar və digər ictimai təhlükəli nəticələrlə müşayiət olunan aksiyalar planlaşdırıb, terror aktlarının törədilməsinə razılıq vermiş şəxsləri müəyyən edib, onları birgə cinayət fəaliyyətinə cəlb edib, terror təxribatlarının hazırlanması üçün digər göstərişləri yerinə yetirib.
Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 28, 214.1-ci (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatlar və onların nümayəndələri adından dövlət əleyhinə fəaliyyətə açıq çağırışlar), Rövşən Əmirov - Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatlar və onların nümayəndələri adından dövlət əleyhinə fəaliyyətə açıq çağırışlar) ilə cinayət məsuliyyətinə cəlb edilib.