XƏBƏRLƏR / Məhkəmə

DSX mayoruna hücum edən idmançılar həbs olunub YENİLƏNİB

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb

DSX mayoruna hücum edən idmançılar həbs olunub YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:53

    Bakının Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

    Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və idmançılar barəsində 3 ay qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

    Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

    ***

    13:34

    Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən məhkəməyə Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılır.

    Saxlanılanlardan biri Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

    O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

    Hazırda məhkəmədə Elnur Həmidov və Musa Əhmədov barəsində təqdimatlara baxılır.

    Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

    İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

    Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

    Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.