Dua sözü dilimizə ərəb dilindən keçib. Lüğəti mənası çağırmaq, səsləmək, dini termin olaraq insanın Allaha və müqəddəs bildiyi varlıqlara üz tutub yalvarışına deyilir.
Duanın əməli olaraq necə edilməsi barədə Quranda hə rhansı bir xəbər verilmir. Bu barədə bizə təlim edilən duanın səmimi qəlbdən, riyakarlıqdan uzaq olmaqla edilməsidir.
İslam dinində insan oturaq halda, ayaq üstə, çarəsizlikdən uzanaraq dua edə bilər. Və bunun üçün üzün qibləyə olması, dəstəmaz və ya qüsul alması şərt deyil. Hətta qüsullu halda belə istənilən yerdə (məsçidlərdə belə) dua etmək olar. Bir haldaki xristianlıq bunun üçün evdə xüsusi ibadət guşəsi yaradır və ya həftənin bazar gününü bu iş üçün ayırır.
Quran bir çox peyğəmbərlərin dilindən müxtəlif dualar təqdim edir. Bəzi ayələrdə isə peyğəmbərlərə necə dua etməsi Allah tərəfindən təlim edilir. Fatihə surəsinin son 3 ayəsi də bu qəbildən olan ayələrdəndir. Quranın duanın Allahla bəndə arasında arada heç bir vasitə olmadan yalnız Allaha edilməsinə göstəriş verir.
"(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər"(Bəqərə,186).
Bəzən, bəzi ayələri səhv başa düşərək vasitələrin də rol oynadığını misal çəksələr də, bu heç də deyilənlərin həqiqət olduğuna dəlalət etmir. Belə ki, "Allahı vasitələrlə çağırın" (Maidə, 35) ayəsindən məqsəd Allahın gözəl adlarıdır. Nə peyğəmbər, nə də davamçıları Allahla özləri arasında kimsəni nə vasitə qərar vermiş, nə də başqalarına bunu məsləhət görmüşlər.
Bəs dua necə edilməlidir? Müxtəlif dinlərin nümayəndələri bir-birlərinə oxşar formada dualar edirlər. Müsəlmanlar isə ənənəvi olaraq hər iki əli üz nahiyəsinə qədər qaldıraraq dua edirlər. Bu ənənə eramızdan əvvəkl qədim Şumerə qədər gedir. Belə ki , Şumer hökmdarı II Sarqon səfərə çıxarkən əllərini qaldıraraq Ay tanrısı Sinaya dualar edər, sonra isə əllərini üzünə çəkərdi. Onların inancına görə Aydan aldığı nuru, xeyiri və gücü öz vucuduna ötürərmiş. Müsəlmanlar da duadan sonra Peyğəmbərə salam-salavat göndərərək əllərini üzlərinə çəkirlər. Və bu İlahi höküm yox, dini ənənədir.
Dini araşdırmaçı
İsmayıl Əhmədov