Dünənki atışma kriminal avtoritetlərin "razborka"sıdır
"Brilyant" Nicata sui-qəsd cəhdi olub
Bu atışma kriminal avtoritet Nicat Lənkəranskiyə (“Brilyant" Nicat) sui-qəsd cəhdi olub. Hadisəni törədənlər digər kriminal avtoritetin - Fransada həbsdə olan Emin Naxçıvanskinin dəstəsinin üzvləri olub.
Ötən ilin payızında İstanbulda Nicat Lənkəranskinin adamları Emin Naxçıvanskinin qardaşı Elnur Qasımovu (“Qardaşoğlu”) qətlə yetiriblər. Beləliklə, dünənki sui-qəsd sonuncunun qardaşının qisasını almaq cəhdidir.
Bu barədə məlumatı kriminal dairələrdəki kifayət qədər məlumatlı mənbə verib.
Daxili İşlər Nazirliyi cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfərin saxlanıldığını bildirsə də, onların adları açıqlanmayıb.
Xatırladaq ki, Bakı sirkinin yanında martın 10-da baş vermiş atışmada iki nəfər yaralanıb: Tibb Universitetinin IV kurs tələbəsi Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov. Hər iki şəxs xəstəxanadadır.