BLOQ

Dünya İstinad divarına növbəti kərpic

"Pink Floyd"un hələ 1979-cu ildə verdiyi sualı bir daha eşitmək istədim: məktəb insan yetişdirir, yoxsa..?

Dünya İstinad divarına növbəti kərpic
  • Oxuma müddəti:

    22 dəqiqə

  • Bu yazını yazmaq mənim 20 ildən çox vaxtımı apardı. Çünki bəzi şeyləri öyrənmək kifayət etmir — onları görmək lazımdır. Mən gördüm. ANS-də bununla mübarizə apardım. Heydər Əliyevlə bu barədə danışdım. İndi isə 20 ildən sonra nəticəyə baxmaq mümkündür. Bu, Boloniya sistemi haqqında yazı deyil. Bir millətin yaddaşının təhsillə necə dəyişdirilə biləcəyi haqqında yazıdır.

    Məktəb sinfi artıq müharibə meydanlarından daha təhlükəli olub. Çünki müharibədə sadəcə torpaq itirilir. Məktəbdə isə gələcək. Torpağı bir gün geri almaq mümkündür və biz bunun şahidi olduq. Düşünməyi unutmuş bir nəslin isə nə marağı, nə də xəritəsi olur.

    Müasir dövrdə bir xalqı məğlub etmək üçün artıq onun bütün əsgərlərini öldürmək, torpaqlarını zəbt etmək lazım deyil. Sadəcə onun kitablarını dəyişmək, ən əsası isə milli tarixini mübahisəyə çevirmək, onu yalan, şişirtmələr və əldəqayırma mənbələrlə təchiz etmək, güclü politexnik biliyi zəif təxminlə xanalara xaç qoyma sistemi ilə əvəz etmək və müəllimlərini bu sistemlə işləməyə məcbur etmək kifayətdir.

    Sonra isə gözləmək lazımdır. Bir nəsil, iki nəsil, üç nəsil... və dünya gəlib bizim bu günümüzə çıxır. Xalq özü öz tarixinə yad adam kimi baxmağa başlayır. Onu bilmir — yalnız mavi ekrandan gələn şüarlarla məharətlə dəyişdirilmiş həyatında fundamental biliklərdən azad olunmuş xanalara Qolqofadan Appi yolunadək xaçlar qoyur. Mən bunu çox sonralar başa düşdüm.

    Məşhur "Nə etməli?" əsərinin yazıçısı Nikolay Çernışevski deyirdi: "İnsan riyaziyyatı, yunan və ya latın dillərini, kimyanı öyrənməsə, minlərlə elmdən xəbərsiz olsa və yalnız tarixi bilsə, yenə də ziyalı bir insan olaraq qala bilər. Tarixi bilməmək insanı zehni cəhətdən tamamilə inkişaf etməmiş alətə çevirir".

    Əvvəllər mənə elə gəlirdi ki, məktəb sadəcə məktəbdir, universitet universitetdir, təhsil naziri isə dərsliklərə, müəllimlərə, imtahanlara cavabdeh olan məmurdur. Sonra gördüm ki, məsələ heç də bu qədər sadə deyil. Təhsil — dünyada ən səssiz silahdır. Tank küçədən keçəndə hamı onu görür, qorxur və ondan qaçır. Dərslik sinfə girəndə isə heç kim qorxmur və heç yerə qaçmır.

    Böyük Fransa İnqilabının liderlərindən Maksimilyen Robespyer deyirdi: "Azadlığın sirri insanları maarifləndirməkdə, istibdadın (tiraniyanın) sirri isə onları savadsızlıqda saxlamaqdadır".

    Mənim üçün burada daha vacib olan başqa şeydir: bu fikir işləyirmi? Tarixə baxanda cavab adamı narahat edir. İşləyir! Və qəribədir ki, bu hekayənin izləri də bizi dünya mədəniyyəti və savad mənbəyi olan Fransaya aparır.

    Bir sual uzun müddətdir məni düşündürür. Necə oldu ki, XIV Lüdovik, Napoleon Bonapart, Şarl de Qoll, Fransua Mitteranın Fransasının siyasi səhnəsində bir gün Emmanuel Makron peyda oldu? Sual Makronun yaxşı və ya pis prezident olması haqqında deyil. Məsələ daha dərindir. Fransa nə vaxt dəyişdi? Daha doğrusu — fransız nə vaxt dəyişdi ki, Makron kimi prezident seçdi?

    Bir vaxtlar dünyaya öz dilini, ədəbiyyatını, fəlsəfəsini və dövlətçilik modelini ixrac edən millətin öz daxilində nə baş verdi? Millətlər bir gecədə dəyişmirlər. Onların xarakteri də prezident seçkilərinin səhəri dəyişmir. Belə dəyişikliklər, yuxarıda qeyd etdiyim kimi, nəsillərlə uzun çəkir. Əvvəlcə sözlər dəyişir, sonra məktəb, sonra dərsliklər, sonra müəllim, sonra universitet. Ən axırda isə insan.

    Bu prosesin bir adı varsa, mən ona millətin mutagenezi deyərdim. Gen dəyişmir. İnsan dəyişir. Onun özünü necə gördüyü dəyişir. Tarixə münasibəti dəyişir. Vətən anlayışı dəyişir. Ailə anlayışı dəyişir. Nəyin müqəddəs, nəyin gülməli olması dəyişir. Ən qəribəsi isə budur ki, bütün bunlar baş verəndə heç kim küçələrdə atəş açmır. Heç bir tank sərhədi keçmir. Heç bir işğalçı ordusu paytaxta girmir. Sadəcə, yenilənmiş dərsliklərlə məktəblər işləyir. Yeni universitetlər açılır. Savad deyil, daha çox diplomlar verilir. Qədim müəllimlərin sayı artır. Və bir gün məlum olur ki, diplomların sayı artdıqca bilikli insanların sayı eyni sürətlə geriləyir, azalır.

    Bu dəfə bütün yollar Romaya deyil, yenə də Fransaya aparır. Məsələni araşdıranda qarşıma yenə də maraqlı bir adam çıxır. Müsyo Jordan və ya onun simasında bizim günlərimizə çatan Müsyo Jak Attali - filosof, yazıçı, dövlət müşaviri, iqtisadçı, Avropa İttifaqının memarı olan Fransa prezidenti Fransua Mitteranın yaxın məsləhətçilərindən biri, Avropanın siyasi və intellektual elitasında onilliklər ərzində görünən bir şəxs.

    1990-cı illərin əvvəllərində, Sovet İttifaqının dağılmaqda olduğu bir vaxtda Avropada ortaya böyük bir "təsadüf" çıxır. Maastrix müqaviləsi əsasında Avropa İttifaqı və Avropanın vahid valyutası (avro) yaranır. Maraqlıdır: Sovet İttifaqı öz valyutası ilə dağılır və ya dağıdılır, Avropa İttifaqı isə özünün birləşmiş valyutası ilə yaranır. Üstəlik, "gözlənilən" ciddi xərcləri nəzərə alaraq yeni İttifaqın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) yaradılır.

    Darmadağın edilən, Mirey Matye, Edit Piaf, "Lancôme", "Chanel No. 5", hətta kiflənmiş "Rokfor" pendirinə canını verməyə hazır olan Sovet vətəndaşının üzərinə Qərbdən böyük bir karvan gəlməyə başladı. Bu mənə Soltan Hacıbəyovun "Karvan"ını xatırladırdı. Bəs belə olan halda bu "simfonik lövhə"nin "dirijor"u kim idi?

    Fransua Mitteranın əsas məsləhətçisi və artıq yeni yaradılmış Avropa Yenidənqurma və İnkişaf Bankının — EBRD-nin ilk prezidenti Müsyo Jak Attali desəm, səhv etmərəm.

    Tarixin belə təsadüfləri həmişə maraqlıdır. Köhnə dünya dağılırdı. Yeni dünya üçün institutlar yaradılırdı. Yeni sərhədlər çəkilirdi. Yeni iqtisadi sistem qurulurdu. Və bütün bunların paralelində başqa bir proses gedirdi — insan dəyişirdi. Sadəlövh, xoşbəxtlik axtaran, savadlı sovet insanını əyib öncədən hazırlanmış praqmatik xanalara yerləşdirirdilər.

    Attalinin əsərlərini, müsahibələrini və gələcək haqqında düşüncələrini oxuyanda onun dünyasında tez-tez bir obrazla rastlaşırsan: "Qloballaşma milli köklərindən qopan yeni bir köçəri elitanın yaranmasına səbəb olmalıdır. Dünya hökuməti qlobal böhranlara alternativ təklif edir və dünyanın "nəhəng Somaliyə" bənzəyəcəyi gözlənilir. Dünyanın yenidən təşkili ilə bağlı qlobalist konsepsiya biorobotlaşdırma konsepsiyasıdır. Bu konsepsiya Beynəlxalq İnformasiyalaşdırma Akademiyası vasitəsilə yayılmalıdır. Bu konsepsiyada insanlar kredit kartlarının əlavələri, ixtisas və peşələrin qlobal bölgüsündə — ailəsiz, vətəni olmayan köçərilərdir. Dünya əhalisinin artması Arktikada və Sibirdə qalan resurslar üzərində dövlətlərarası münaqişəni gücləndirəcək".

    Attali 65 yaşdan yuxarı insanların "cəmiyyətə baha başa gəldiyi" və ömür uzunluğunun artırılması ilə bağlı narahatlığın faydasız olduğu barədə mübahisəli açıqlamaları ilə tanınır. Bu gün Jak Attalinin 82 yaşı var və o, hələ də iş başındadır.

    Çox tanışdır bu ideyalar, deyilmi? 1980-ci illərdə səslənən bu ideyalar bu gün artıq masa başındadır: köçəri insan, sərhədlərdən asılı olmayan insan, kredit kartının qulu olan insan, ölkəsini dəyişən insan, qlobal dünyanın sakini, bəlkə də gələcəyin "ideal" vətəndaşı.

    Amma burada məni başqa sual maraqlandırır. Əgər insan hər yerdə yaşaya bilirsə, onun Vətəni haradır? Əgər hər mədəniyyət onun üçün eyni dərəcədə dəyişdirilə biləndirsə, onun öz mədəniyyəti hansıdır? Əgər tarix yalnız məlumatdırsa, yaddaş nədir? Əgər ailə, millət, dil, din, adət və torpaq insanın üzərində daşıdığı müvəqqəti identifikasiya nişanlarıdırsa, onda dəyişdirilməsi mümkün olmayan nə qalır? Bəlkə heç nə. Və məhz burada iqtisadi nəzəriyyə birdən-birə təhsil məsələsinə toxunmağa başlayır. Çünki yeni insanı yaratmaq istəyirsənsə, onunla altmış yaşında məşğul olmaq gecdir. Onu məktəbdə tapmalısan.

    Mən Müsyo Attalini bütün dünyada baş verənlərin arxasında təkbaşına dayanan sirli kuklaçı kimi təqdim etmək istəmirəm. Tarix belə sadə olmur. Amma onun düşüncələri XX əsrin sonlarında Qərb siyasi və iqtisadi fəlsəfəsinin aparıcı hissəsidir.

    Bu fəlsəfənin əsas qəhrəmanı milli insan deyil. Qlobal insandır. Bu insan üçün sərhəd maneədir. O öz vətənində deyil, daha inkişaf etmiş ölkədə yaşamaq istəyir. O deyir: "Həyata bir dəfə gəlirik və yaxşı yaşamalıyıq". Daha doğrusu, bunu o demir, onu belə düşünməyə öyrədiblər. Bu tip adamlar üçün milli iqtisadiyyat məhdudiyyətdir, milli mədəniyyət çox vaxt lokal və cılız xüsusiyyətdir. Dünya isə vahid və böyük bazardır.

    Burada mənim üçün əsas sual yaranır: Belə dünyanın məktəbi necə olmalıdır? Çünki XIX əsrdə Soltan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovun məktəbi millət qururdu. XX əsrdə Abdulla Şaiq və Əliməmməd Mustafayevin məktəbi dövlət qururdu. Sovet dönəmində Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Anatoli Lunaçarski və Anton Makarenko bərabər politexnik savad ocaqları qururdu. Bəs XXI əsrin məktəbi nə qurur? İnsan? İşçi? İstehlakçı? Yoxsa sadəcə sistemin içərisində rahat hərəkət edən universal canlı? Cavabı axtardıqca qarşımıza qəribə bir şəhərin adı çıxır - Boloniya.

    Bu gün Azərbaycanda "Boloniya sistemi" deyiləndə insanların çoxunun ağlına kredit gəlir, ECTS, bakalavr, magistr, semestr, mobillik, diplomların tanınması, Avropa standartları.

    Kağız üzərində hər şey gözəldir. Hətta həddindən artıq gözəldir. Amma tarixdə ən təhlükəli layihələrin üzərində heç vaxt "TƏHLÜKƏLİDİR" yazılmır. Onların üzərində adətən daha xoş sözlər olur — İslahat, Modernləşmə, İnteqrasiya, Ümumdünya təhsil standartı, Mobillik. Bu sözlərin heç biri pis deyil. Əksinə, hamısı yaxşıdır. Amma baxmayaraq ki, Azərbaycanda bu sistem artıq 20 ildən çoxdur ki, fəaliyyətdədir — heç bir Avropa və ümumiyyətlə, Qərb ölkələri bizim universitetlərin diplomlarına etibar etmir.

    Mənim Boloniya prosesi ilə əsas problemim onun adında deyil. Hətta strukturunda da deyil. Problem onun Azərbaycanda hansı təhsil mədəniyyəti ilə nəticələnməsindədir. Biz akademik biliyi yavaş-yavaş test mədəniyyəti ilə əvəz etdik. Şagirdə:

    — Bilirsənmi? — sualını vermək əvəzinə:

    — Hansı cavabı seçirsən: A, B, C, D? — deməyə başladıq.

    İlk baxışdan fərq azdır. Əslində isə uçurumdur. Birinci sual insanı danışmağa məcbur edir. İkinci sual seçməyə. Birinci sualda səhv etmək üçün düşünmək lazımdır. İkinci sualda bilmədən də düz cavab vermək mümkündür. Birincidə müəllim qarşısında insan dayanır. İkincidə statistik xaçlanmış xana.

    Beləcə, bilik tədricən xal toplamağa çevrilir; xal kreditə, kredit diploma, diplom işə qəbul üçün kağıza. Və bir gün hamının diplomu olur. Amma otaqda bir məsələni axıra qədər izah və ya həll edə biləcək adam tapmaq çətinləşir.

    Mən bütün bunları kənardan müşahidə etmirdim. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlləri idi. ANS sürətlə böyüyürdü. Ölkə dəyişirdi. Azərbaycan Sovet sistemindən çıxmışdı və qarşısında yeni dünyanın bütün qapıları açılmışdı. O qapılardan biznes gəlirdi. Texnologiya gəlirdi. İnternet gəlirdi. Yeni media gəlirdi. Yeni siyasi terminlər gəlirdi. Və yeni təhsil modeli gəlirdi.

    Əksəriyyət bunu tərəqqi kimi qəbul edirdi. Mən isə nədənsə narahat idim. Çünki ANS-in kameraları qarşısında köhnə məktəbin müəllimlərini, professorlarını, alimlərini dinləyirdim. Onların bəziləri əsəbiləşirdi. Bəziləri qorxurdu. Bəziləri artıq gec olduğunu düşünürdü. Biz reportajlar hazırlayırdıq. Sənədli filmlər çəkirdik. Professorları studiyaya çağırırdıq. Mübahisə edirdik.

    Mən Boloniya modelinə qarşı çox sərt mövqedə dayanmışdım. Bəzən özüm də düşünürdüm: bəlkə biz köhnəni müdafiə edirik? Bəlkə dünya dəyişib, biz dəyişmək istəmirik? Bəlkə professorların narahatlığı sadəcə öz dövrlərinin bitməsini qəbul edə bilməyən insanların nostaljisidir?

    Bu suallar məni rahat buraxmırdı. Sonra bir gün mondializm haqda bir məqalə oxudum. Və həmin məqalədən sonra mən ilk dəfə anladım ki, məsələ yalnız məktəb proqramından ibarət deyil. Mondializm bütün dünya xalqlarını birləşdirən və vahid dünya hökuməti yaratmağı hədəfləyən siyasi və fəlsəfi bir fikirdir. Bu layihəyə görə, milli dövlətlər öz gücünü itirməli və idarəetmə qlobal səviyyəyə keçməlidir, o cümlədən təhsil. Mondializmin yol xəritəsində məktəblər vardı, universitetlər vardı, Avropa vardı, Azərbaycan vardı. Amma sərhədlər görünmürdü.  Görünən yalnız: batan millət, dövlət, mədəniyyət və yaranan kosmopolitizm, mondializm.

    O vaxt bu sözlərin bəziləri Azərbaycan cəmiyyətində indiki qədər işlənmirdi. Mən mondializm haqda daha çox oxudum. Anladım ki, mondializmin təsvir etdiyi təhlükə tankla gələn təhlükəyə oxşamır. Tankın nömrəsi olur, bayrağı olur, hansı istiqamətdən gəldiyini görürsən. Bu təhlükənin isə bayrağı yox idi. Mənim çıxardığım nəticə belə idi: gələcəyin mübarizəsində dövlətləri yalnız sərhədlərindən qorumaq kifayət etməyəcək. Çünki dövlətin içərisində ondan daha mühüm bir sərhəd var. İnsanın kim olduğunu müəyyən edən sərhəd, onun dili, tarixi, yaddaşı, mədəniyyəti. Və təhsili.

    Əgər bu sərhədi keçə bilsən, qalan sərhədlərdə əsgərə ehtiyac qalmaya bilər. Bəlkə də buna görə mən Azərbaycanın Boloniya prosesinə qoşulmasının əleyhinəidim.

    2005-ci ilin mayı, Norveç, Bergen. Avropanın təhsil nazirləri bir yerə toplaşmışdılar. Azərbaycan həmin konfransda Boloniya prosesinə qoşuldu. Sənədlərdə hər şey sakit görünürdü. Heç kim Azərbaycanın təhsil sistemini dağıtmağa gəldiyini demirdi. Heç kim "müəllimlərinizi zəiflədəcəyik" demirdi. Heç kim "uşaqlarınız 20 ildən sonra daha az biləcək" demirdi. Əksinə. Sənədlərdə çox gözəl sözlər vardı: Avropa Ali Təhsil Məkanı. Diplomların tanınması. Mobillik. Kredit sistemi. Bakalavriat. Magistratura. Keyfiyyət təminatı. Avropaya inteqrasiya.

    Kağız üzərində bundan gözəl gələcək təsəvvür etmək çətin idi. Azərbaycanın həmin prosesə qoşulması 2005-ci ildə Bergendə rəsmiləşdi. Azərbaycanın o zamankı təhsil naziri Misir Mərdanov idi. Misir müəllimi şəxsən tanıyıram. Onu savadsız adam hesab etmək mümkün deyil. Əksinə, riyaziyyatçı, professor, akademik mühitdən çıxmış bir insandır. Məhz buna görə məni illərdir bir sual narahat edir: Misir müəllim buna necə razı oldu?

    Bəlkə o da inanırdı ki, Azərbaycan universitetlərini Avropaya aparır? Bəlkə ona təqdim olunan modelin kağız üzərindəki məntiqi həqiqətən inandırıcı görünürdü? Bəlkə proses artıq siyasi və iqtisadi baxımdan qaçılmaz hesab edilirdi?

    Bilmirəm. Bildiyim başqa şeydir. Azərbaycan Boloniya "qatarına mindi". Və "qatar hərəkətə başladı".

    Amma hər qatarın lokomotivi olur. Azərbaycanda yeni sistemin ilk sınaq meydanlarından biri Azərbaycan Dillər Universiteti idi. Xalq arasında köhnə adı ilə — "İnyaz". Universitetdə Avropa təhsil modelinə inteqrasiya istiqamətində pilot layihələr həyata keçirilirdi. Təhsil Nazirliyinin öz məlumatlarında da Azərbaycan Dillər Universitetində aparılan pilot layihənin Boloniya prinsiplərinin tətbiqi ilə sıx bağlı olduğu göstərilirdi. Universitetin rektoru Səməd Seyidov idi. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı rəhbəri də o idi.

    Yenə təsadüf? Ola bilər. Bu yazıda mən təsadüfləri qadağan etmək fikrində deyiləm. Sadəcə, onları yan-yana qoyuram. Oxucu özü baxsın. Bir tərəfdə Avropa Şurası, bir tərəfdə Avropa təhsil məkanına inteqrasiya, bir tərəfdə Azərbaycan universiteti, bir tərəfdə yeni təhsil sistemi. Və ortada böyüməkdə olan bir nəsil.

    O nəsil həmin vaxt nə baş verdiyini bilmirdi. Onlar sadəcə məktəbə gedirdilər. Sonra universitetə. İmtahan verirdilər. Xanalara xaç qoyurdular. Kredit toplayırdılar. Diplom alırdılar. Hər şey normal görünürdü. Əslində böyük dəyişikliklər həmişə belə başlayır.

    Lakin maraqlısı bugünkü nəticələr oldu. Belə ki, 20 ildən çox fəaliyyətdə olan Boloniya sisteminin təntənəsi nəticəsində Azərbaycanda Qara Qarayev, Fikrət Əmirov, Mikayıl Abdullayev, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Yusif Məmmədəliyev, Kərim Kərimov, Həsən Abdullayev və minlərlə digər sovet və beynəlxalq səviyyəli ustadlar kimi miqyasda, belə sıxlıqda və belə beynəlxalq çəkidə yeni ustadlar nəsli yetişdirdiyimizi söyləmək çətindir.

    20 ildən çox vaxt keçib. İndi artıq nəzəriyyəni kənara qoyub nəticəyə baxmaq olar. Mənim üçün əsas sual çox sadədir: Müstəqil Azərbaycanın tələbəsi 20 il əvvəlkindən daha savadlıdırmı? Daha yaxşı tarix bilir? Daha yaxşı riyaziyyat bilir? Universiteti bitirən gənc öz ixtisası üzrə real istehsalatda işləyə bilirmi? Müəllim universiteti bitirəndə həqiqətən müəllimdirmi? Diplomumuz Avropada avtomatik olaraq hörmət və etimadla qarşılanırmı?

    Əgər 20 illik islahatdan sonra bu suallara əminliklə “bəli” deyə bilmiriksə, onda başqa bir sual vermək hüququmuz yaranır: Bəs biz 20 il ərzində nəyi islah etmişik?

    Lakin bu vəziyyətin ən təhlükəlisi bizim bütün bunlara öyrəşməyimizdir. Mənim üçün ən qorxulu an insanın yalan eşitməsi deyil. Ən qorxulu an yalanın artıq qəribə gəlməməsidir. Bizim bu yalana yavaş-yavaş öyrəşməyimizdir. Professor adının artıq həmişə böyük biliyin sinonimi olmamasına, müəllimin kasıb olaraq repetitorluqla ailəsini dolandırmasına, şagirdin kitab oxumamasına, tələbənin savad üçün deyil, diplom üçün oxumasına, universitetin reytinq üçün yaşamasına, valideynin biliyi deyil, balı soruşmasına. Və uşağın:

    — Nə bilirsən? — sualına deyil,

    — Neçə bal toplamısan? — sualına cavab verməsinə.

    Bəlkə də millətin mutagenezi elə budur. İnsan dəyişir. Amma dəyişdiyini hiss etmir. Ən təhlükəlisi isə budur ki, bir müddətdən sonra əvvəl necə olduğunu da xatırlamır. Mənim bunları yazmaqda məqsədim də elə yaddaşdır. Mən bunları bilirəm. Mən bunları görmüşəm. Bunların içində iştirak etmişəm.

    Ona görə də bildiklərimi bilməyənlərə, gör­düklərimi isə görməyənlərə ötürməyi özümə borc bilirəm. Çünki yaddaş yalnız keçmişi xatırlamaq üçün deyil. Bəzən gələcəyi xilas etmək üçün lazımdır.

    P.S. Bu məqaləni bitirdikdən sonra "Pink Floyd"un, daha doğrusu Rocer Uotersin hələ 1979-cu ildə verdiyi sualı bir daha eşitmək istədim: məktəb insan yetişdirir, yoxsa divar üçün növbəti kərpic?