Reportaj

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

Bu il festival 35 yaşını qeyd edir

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”
  • Oxuma müddəti:

    9 dəqiqə

  • Mayın 11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.

    Bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində mayın 13-dək davam edəcək.

    Şuşa şəhəri budəfəki “Xarıbülbül” festivalına həm də “İslam dünyasının mədəniyyət paytaxtı” kimi ev sahibliyi edir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Festivala Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti ilə start verilib.

    Builki festivalın iştirakçıları arasında, həmçinin ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə təmsil olunur.

    Hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan, qədim mədəniyyət beşiyi olan Şuşa 28 ildən çox davam etmiş işğal dövründə mənfur düşmənin vurduğu ziyanlara, törətdiyi dağıntılara baxmayaraq, özünün bənzərsiz aurasını, milli ruhunu qoruyub saxladı. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbədən sonra əziz Şuşamızın yeni növrağı - qonaqlı-qaralı, çal-çağırlı günləri başlayıb.

    Bu gözəl bayrama, çal-çağıra tamaşa edənlərin gözlərindəki sevinci sezməmək mümkün deyil. Onlar sevinc dolu təəssüratlarını AZƏRTAC-la bölüşürlər.

    Azərbaycanın Xalq artisti Arif Babayev deyir ki, Şuşanın azadlığını görmək, hər qarışı, hər cığırı doğma olan bu yerləri dolaşmaq onun üçün çox böyük xoşbəxtlikdir: “Şuşa təkcə orada doğulub boya-başa çatan, uşaqlığı, gəncliyi həmin diyarda keçənlərin deyil, hər bir azərbaycanlının vətənidir. Düşünürəm ki, burada təşkil olunan tədbirlərin hamısı bir-birindən gözəl və qiymətlidir. Belə gözəl tədbirlərdə iştirak etdiyim üçün çox xoşbəxtəm. Allahımdan çox raziyam ki, dualarım çin oldu və mən Qarabağı azad görə bildim”.

    Cıdır düzündə səhnəyə çıxmağın böyük xoşbəxtlik olduğunu söyləyən Xalq artisti Zeynəb Xanlarova deyib: “Buraya dəfələrlə gəlsəm də, burada ilk dəfədir səhnəyə çıxıram. Bu, böyük xoşbəxtlikdir. Çox sevinirəm ki, belə gözəl festivalda həm iştirak etdim, həm də mahnı ifa etdim”.

    Qala-şəhərdə təşkil olunan hər bir tədbirin onun üçün əlamətdar olduğunu söyləyən Xalq artisti bu sırada “Xarıbülbül” festivalının özünəməxsus yeri olduğunu vurğulayıb: “Bu festival bir daha xalqımızın sülhsevərliyini, qurub-yaratmaq əzmini, bəşəri dəyərlərə sonsuz hörmətini, ən əsası, milli musiqimizə, mədəniyyətimizə sonsuz sevgisini göstərir”.

    Azərbaycan tar ifaçılığı sənətində öz yeri olan, Xalq artisti Ramiz Quliyev festivalla yanaşı, son vaxtlar ölkəmizdə yaşanan əlamətdar günləri belə dəyərləndirir: “Bu günlər ölkəmiz bir-birindən maraqlı və yaddaqalan hadisələrə şahidlik edir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyi, ardınca da “Xarıbülbül” festivalı ölkəmizdə əsl bayram əhvali-ruhiyyəsi yaradıb. Bunlar unudulmaz, əziz günlərdir. Mən yüzlərlə festival görmüşəm, amma tam səmimi deyim ki, nə Şuşanın, nə də “Xarıbülbül” festivalının əvəzi yoxdur”.

    “Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacağam və yaradacağam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəyəm”, - deyən Xalq artisti Firəngiz Mütəllimova da doğma şəhərində festivalı izləyənlər arasındadır. Artıq dördüncü dəfədir ki, festivalda iştirak etdiyini söyləyən Xalq artisti ona bu sevinci yaşadanlara dərin minnətdarlığını bildirib. “Çox şadam ki, doğma şəhərimdə belə gözəl bir musiqi bayramında iştirak edirəm. “Xarıbülbül” festivalının proqramı çox zəngindir. Hər dəfə buraya gələndə qəlbən cavanlaşıram, sanki Şuşada mən tamam başqa adam oluram. Ona görə ki, bura mənim ruhumun, gəncliyimin şəhəridir. Burada olmaq mənim üçün tamam başqa bir aləmdir, onu sözlə ifadə etmək çox çətindir”.

    Festival bir daha sübut edir ki, musiqi sərhəd tanımır. Xalqın tarixini və mübarizə yolunu, arzu və düşüncələrini tərənnüm edən muğam və el havaları milliyyətindən, dinindən asılı olmayaraq, hamının qəlbini ehtizaza gətirir.

    Xalq artisti Nurəddin Mehdixanlı da son günlər bir-birini tamamlayan tarixi günləri yüksək qiymətləndirir: “Mayın 10-da anadan olmasının 101-ci ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev bütövlükdə öz ömrünü, həyatını Azərbaycana həsr etmişdir. Bizim Ulu Öndər Heydər Əliyevin irsindən öyrənəcəyimiz çox şeylər var. Heydər Əliyev deyəndə gözlərimiz önündə böyük azərbaycanlı, siyasi lider, dövlət xadimi, dünya miqyasında tanınan bir şəxsiyyət, Azərbaycanın müstəqilliyini xilas edən bir dövlət adamının portreti canlanır. Bu yaxınlarda 20 illiyi tamam olan Heydər Əliyev Fondu da yarandığı gündən mədəniyyətimizin hamisi rolunda çıxış edir. Məhz bu Fondun təşkilatçılığı ilə bu gün biz azad Şuşada gözəl bir musiqi bayramına toplaşmışıq.

    Festivalda dünyanın bir çox yerlərindən ifaçılar çıxış edirlər. Əvvəlki illərdə olduğu kimi, bugünkü festival da çox yüksək səviyyədə təşkil olunub. Ölkəmizdə təşkil olunan möhtəşəm beynəlxalq tədbirlər bir daha sübut edir ki, Azərbaycan xalqı sülhsevər, qonaqpərvər, dostluq, barış içində yaşamaq istəyən xalqdır”.

    Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin ilin may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb.

    Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Ağcabədi və Bərdədə keçirilib.

    Vətən müharibəsindəki tarixi Zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşada keçirilir. Bu il festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.

    Festivalda səslənən bütün musiqi nümunələri gözəlliyi, məhəbbəti tərənnüm edir. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

    “Xarıbülbül” festivalı 270 ildən çox yaşı olan qala-şəhərimizin, Pənahəli xan yadigarının çal-çağırlı günlərinə daha bir möhtəşəm qayıdış oldu. Musiqi bayramı bir sıra ölkələrdən ifaçı və kollektivləri Cıdır düzünə yığaraq yenidən beynəlxalq statusunu təsdiqlədi.

    "Azərtac"