XƏBƏRLƏR / Səyahət

Dünyaşöhrətli “NomadMania” səyyah klubu Qarabağa səfər edib

YENİLƏNİB

Dünyaşöhrətli “NomadMania” səyyah klubu Qarabağa səfər edib
  • Oxuma müddəti:

    15 dəqiqə

  • 19:41

    “NomadMania” səyyah klubunun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Füzuli, Şuşa və Xankəndidən sonra Ağdam şəhərinə gəliblər. Dünyanın 30 ölkəsindən gələn xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

    Əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn səyyahlara burada Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman Vətən övladlarının, o cümlədən Xocalı soyqırımında qətlə yetirilmiş dinc sakinlərin bir hissəsinin dəfn edildiyi bildirilib. Qeyd olunub ki, Ağdam şəhərini yerlə-yeksan edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.

    Xarici səyyahlar sonra Ağdam şəhər cümə məscidi ilə tanış olublar. Məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.

    Daha sonra səyyahlar Ağdam İmarət Kompleksinə gəliblər. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət Kompleksində yerləşir. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb. İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib.

    İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.

    Xarici səyyahlara Ağdamda həyata keçirilən bərpa-tikinti işləri barədə də məlumat verilib.

    Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

    Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, “Club-100” (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə 13-cü qrup səfəridir.

    ***

    17:15

    “NomadMania” səyyah klubunun Ağdam şəhərinə səfəri başlayıb.

    Səyyahların şəhərə səfəri ermənilərin tamamilə dağıtdığı Şəhidlər Xiyabanını ziyarətlə başlayıb

    İşğal altında olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər yaşayış məntəqələrində olduğu kimi, Ağdam şəhərində də vandalizm aktlarının törədildiyi səyyahların diqqətinə çatdırılıb.

    Bildirilib ki, etnik təmizləmə ilə yanaşı, ərazidəki tarixi-mədəni abidələrin də məhv edilməsi Ermənistanın işğalçılıq siyasətinin əsasını təşkil edib. Odur ki, yalnız tarixi məkanlar deyil, məzarlıqlar da dağıdılıb, qəbirlərdəki qalıqlar çıxarılaraq yox edilib.

    “NomadMania səyyah klubunun üzvləri Ağdam şəhərindəki "Çörək muzeyi" ilə də tanış olublar. Muzeyin tarixi və burada 2 min 800 eksponatın sərgilənməsi barədə qonaqlara ətraflı məlumat verilib.

    Ağdam şəhərini gəzən səyyahlar işğaldan azad edildikdən sonra ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, həmçinin burada geniş yenidənqurma işlərinin aparılması barədə də məlumatlandırılıblar. Ağdamın işğaldan sonra yenidən qurulan bir sıra kəndlərinə sakinlərin köçürülməsinə başlanıldığı da qonaqların diqqətinə çatdırılıb.

    ***

    14:53

    Dünya səyyahları Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.

    Xarici səyyahlar Qarabağ Universiteti ilə tanış olurbar.

    Xarici səyyahlar Qarabağ Universitetində müəllim və tələbələrlə görüşüblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Universitetin rektoru Şahin Bayramov qonaqlara Xankəndi şəhəri və ali təhsil ocağı barədə məlumat verib. Bildirib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.

    Sonra "Sülhün ilk addımları" filmi nümayiş olunub, universitetin kitabxanasına eyniadlı kitab hədiyyə edilib. Xarici səyyahlar tələbələrin suallarını cavablandırıblar.

    Qeyd edək ki, bu gün dünyanın 30 ölkəsini təmsil edən nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb. Qrupun rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. Onlar 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcəklər. Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

    ***

    14:12

    Qarabağa səfər edən dünyanın 30 ölkəsindən gələn səyyahlar Füzulidən sonra Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinə

    gəliblər. Onlar Şuşanın əsrarəngiz təbiəti, tarixi yerləri və burada həyata keçirilən quruculuq işləri ilə tanış olublar.

    Səyyahların Şuşa şəhəri ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan mərkəzi meydanla başlayıb. Qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

    Səyahətçilər Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi, qala divarları və Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar. Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, sonra Xankəndiyə yola düşüblər.

    Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

    Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

    Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, “Club-100” (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

    ***

    11:52

    Bu gündən dünyanın tanınmış səyyahlarından ibarət geniş heyətin Qarabağa növbəti səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər.

    “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyadan olan nüfuzlu beynəlxalq səyahətçilər yer alır.

    Səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən hava limanı rekord müddətdə tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Bu hava limanı Zəfər yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.

    “Gulfstream V”, “Falcon 7X”, “Airbus 319”, “Airbus 320”, “Embraer 190”, genişgövdəli “İL-96”, “Airbus 330”, “Airbus 340” və “Boeing 787” kimi hava gəmilərinin Füzuli aeroportuna uğurlu enişi onun müxtəlif tipli təyyarələri qəbul etmək qabiliyyətini, müasir texnoloji səviyyəsini və beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləyir.

    Füzuli aeroportunda müxtəlif növ hava gəmilərinin təhlükəsiz və rahat şəkildə enib qalxmasına imkan verən 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı mövcuddur. Hava limanında avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi ICAO və IATA standartlarına müvafiq şəkildə uçuşların idarə olunmasını təmin edir.

    Bundan əlavə, müasir infrastrukturla təchiz olunan terminal, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.

    Bu gün Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu, bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzə çevrilməkdədir.

    Səyahətçilər azad edilən Füzulidə dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işlərinə də şahidlik ediblər. Qonaqlara görülən işlər barədə ətraflı məlumat verilib.

    Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

    Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

    Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin Qarabağ və Şərqi Zəngəzura 12 dəfə səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

    ***

    08:22

    Bu gün dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır.

    Qrupun rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir.

    Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

    Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

    Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, “Club-100” (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.