Bu gün Azərbaycan Respublikasının sabiq prezidenti, Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri, Milli Azadlıq Hərəkatının liderlərindən mərhum siyasətçi, görkəmli ictimai və dövlət xadimi Əbülfəz Elçibəyin anadan olmasından 86 il ötür.
Elçibəy 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya göz açıb.
Orta təhsilə Unuskənd məktəbində başlayıb, Ordubad şəhərindəki 1 saylı orta məktəbdən məzun olub. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində ali təhsil alıb. Misirdə tərcüməçi fəaliyyətindən sonra 1965-1968-ci illərdə aspirantura pilləsində təhsilini davam etdirib.
1969-cu ildə tarix elmləri namizədi dərəcəsi alıb və 1975-ci ilədək müəllim kimi universitetdə fəaliyyət göstərib. 1975-ci ildə dissident kimi antisovet təbliğatı və millətçilik ittihamı ilə həbs edilib. 1976-cı ildən Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb.
Gənclik illərindən fərqli siyasi baxışları ilə seçilən Elçibəy müxtəlif dərnəklərin yaradılmasında və işində fəal iştirak edib. XX əsrin 80-ci illərinin ikinci yarısından başlanan proseslərdə aktiv rol alıb, ümumxalq mitinqlərində, xalq hərəkatında insanların rəğbətini qazanıb, liderə çevrilib. 1989-cu ildə proseslərin əsas hərəkətverici qüvvəsi kimi çıxış edən Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis olunub və o, təşkilatın sədri seçilib.
1992-ci ilin 7 iyun tarixində keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilib. 1992-1993-cü illərdə hakimiyyətdə olduqdan sonra 1993-cü ilin iyun qiyamı şəraitində doğulduğu Kələki kəndinə gedib. 1997-ci ilə qədər burada yaşayıb. Həmin il Bakıya geri dönən Elçibəy Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri kimi müxalifətdə siyasi fəaliyyətini davam etdirib. O, Bütöv Azərbaycan Birliyini (BAB) yaradıb.
2000-ci ilin 22 avqust tarixində 62 yaşında Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!