Mənim üçün ədalət qisas deyil, maarifçilik prinsipləridir

Torpaqlar azad, millət azaddır – amma düşüncə hələ də məhbusdur... VİDEO

  • Oxuma müddəti:

    4 dəqiqə

  • Azərbaycan xalqı hər il 18 Oktyabrda müstəqilliyin ildönümünü qeyd edir — amma bu bayram yalnız keçmişi deyil, həm də gələcəyin məsuliyyətini daşıyır. Ehtiyatlı olmalıyıq hər halda...

    Bu gün dünyanın ədalət tərəzisi çox qəribə işləyir — gah sağa, gah da sola bükülür. Məsələn, Ruandada 87 yaşlı Felicien Kabuqa (Félicien Kabuga) soyqırımın günahını çiynində gəzdirə-gəzdirə bir müddət sonra Parisdə həbs edilir. Almaniyanın Erix Milke (Erix Mielke) adlı bir Stasi “boz kardinalı” da yaşının ixtiyar çağında məhkəməyə çəkildi, amma nə xeyirə, nə də şərə qulluq etdi - adamın artıq yaddaşı itmişdi – yəni, öz cinayətlərini belə xatırlamırdı - həm günahsız, həm günahkar idi eyni anda. Azərbaycana isə bu "Elderly Power Syndrome" (Yaşlı Güc Sindromu) Müstəqilliyimizin 34-cü il dönümündə 87 yaşlı Ramiz Mehdiyev simasında təşrif buyurdu. 

    Çağdaş Azərbaycan mediası yazır ki, "Ağıl yaşda deyil, başdadır!". İroniya ondadır ki, bizim müstəqillik günü – yəni torpaqlar azad, millət azaddır – amma düşüncə hələ də məhbusdur: kiminsə kölgəsində, kiminsə mənbəsində, kiminsə telefonunda yerləşir Azərbaycanın mediası… Ay yerli jurnalistlər, düşüncə svetofor deyil və rənglərlə idarə olunmur. Əgər bizim müstəqilliyimizə olan təhlükə haqda bizə bir başqası bəhs edirsə, o demək deyil ki, biz müstəqil və ya güclü deyilik, bu deməkdir ki, bu məlumatı bizə verən hələ də bizdən daha müstəqil və güclüdür. Odur ki, yerli media mənsubları, gəlin, bu dəfə bayraqlarımızı təkcə evin eyvanından yox, həm də şüurumuzun pəncərəsindən asaq. Müstəqillik novella və ya şeir deyil — gündəlik yoxlama cədvəlidir - nəzarəti buraxsan, külək vurub pəncərəni bağlayacaq. 

    Bu ərəfədə mənə bir çoxları zəng edib, hətta təkidlə rica etdilər ki, Ramiz Mehdiyev haqda mən də yazım və ANS-in bağlanmasına görə qisas alım... Rasim Balayev (Nəsimi obrazı) bu yerdə deyərdi: "Bədbəxtlər, sizin gözünüzdə tor var". Axı mənim üçün ədalət qisas deyil, maarifçilik prinsipləridir. Qisas problemləri həll etmir, onları sürətlə nüsxələyərək bütün cəmiyyəti zəhərləyir.

    Bəli, bir zamanlar ANS-in bağlanması prosesində bir çox adlar çəkildi. Amma mən həyatım boyu şəxsə qarşı yox, Azərbaycanda jurnalistikanın inkişafı üçün çalışmışam. Jurnalistikanın isə məqsədi insanları cəzalandırmaq deyil, tarixi düz anlamaqdır və auditoriyaya "Dəqiq, Qərəzsiz və Vicdanlı" xəbərlər çatdırmaqdır. Gülməli səslənsə də, Ramiz Mehdiyev "həmkarları” ilə 2016-cı ildə rahat oturduğu budağı kəsdi. Deyəcəksiniz ki, "Nə biləydi ki, bu günə gəlib çıxacaq?". Amma siyasətlə məşğul olan biri bütün addımları ölçüb-biçməlidir, lap Şarl Moris de Taleyran kimi. Ən azı, dünyanın işinə diqqət yetirərdi, axı ABŞ, Avropa və digər inkişaf etmiş avanqard nahaq yerə demokratik KİV-i ləğv etmir ki... 

    Bu gün Ramiz Mehdiyevə və sabah onun gününə düşəcək məmurlara məhz onların ləğv etdiyi müstəqil media lazımdır. Bir də ki, bu gün baş verənlər Ramiz Ənvəroviçin təbirincə və yaratdığı sistemin dili ilə desək, "Dövləti qorumaqdır" və demək, ədalətlidir. Belə olan təqdirdə, mən əlavə söz deməyə borclu deyiləm.  

    Mən indi o keçmişə baxanda qəzəb yox, təəssüf hissi duyuram — çünki o adamlar Azərbaycanın söz azadlığını yox, öz qorxularını qoruyuraq öz evlərini yıxdılar. 

    Əziz həmvətənlərim, müstəqilliyimiz mübarək olsun!

    Onu qorumağın yeganə yolu — müstəqil medianın olmasıdır.