“Bir, iki, bizimki… Doqquz, on, qırmızı Don"
Əslində, hər şey təkbətək danışıqlardan əvvəl göstərildi və oynanıldı.

Rus dilində oxumaq istəyənlər üçün: https://www.facebook.com/mustafayev.vahid/posts/pfbid0B2BCY5EZ3c3FGd7zPaUvdso3YaBDhYqePnL6xDXyT84Kxf4FePRMfFvd59YhNXXEl
Zənnimcə, hər bir siyasi "teatr tamaşası"nda ən vacib olan şey – aktyorların oyunu deyil, tamaşaçının reaksiyasıdır. Rusiya Prezidenti Vladimir Putinin Alyaskaya gəlişi və ABŞ Prezidenti Donald Trampla tarixi “çay süfrəsi” görüşü də tamaşaçılar üçün qurulmuş səhnə mizanından başqa bir şey deyildi. Bu tamaşaya baxan auditoriya indiyə qədər rəhbərlərin nə haqqında danışdıqlarının açıqlamasını gözləyir… Əslində, hər şey təkbətək danışıqlardan əvvəl göstərildi və oynanıldı. Təklikdə prezidentlər yalnız Şəki qozundan hazırlanmış mürəbbə ilə Lənkəranda becərilən "xoruzquyruğu" çaydan içib feyziyab olurdular.
Bəs onda bu möhtərəm və məharətli aktyorlar Alyaska Dram Teatrında tamaşaçılara nə göstərdilər? Gəlin, bir-bir yada salaq:
1. MATADOR VƏ ONUN MULETASI (Korridada - öküz döyüşü zamanı maradorun əlində tutduğu qırmızı parça muleta adlanır. Matador taxta çubuğa bükülmüş muleta ilə öküzün diqqətini yayındırır və əvvəlcədən hazırlanmış dəqiq zərbə ilə onu öldürür)
Hər şey Azərbaycan və Ermənistan rəhbərlərinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda görüşü və sülh deklarasiyasını imzalanmasından başladı. Bundan əvvəl ABŞ establişmentinin Vladimir Putini danışıqlara çıxartmaq cəhdlərinin hamısı boşa çıxmışdı desəm, səhv etmərəm. Amma bu sülh deklarasiyası Putin üçün əsl muleta rolunu oynadı. Rusiya Prezidenti dərhal Donald Trampa zəng etdi və bir neçə gün ərzində görüş baş tutdu.
2. QIRMIZI MULETAYA QARŞI QIRMIZI BAYRAQLI “SSRİ”
Görüş ABŞ-ın 50-ci ştatı olan Alyaskada baş tutdu. Vaxtilə Rusiyaya məxsus olan bu ərazidə Donald Trampla Vladimir Putin nəhayət ki, görüşdülər. Lakin görüşdən sonra cənab Trampın "FOX" telekanalına verdiyi müsahibədə: “Görüş baş tutdu, amma sövdələşmə baş tutmadı,” – deməsi maraqlı məqamlara yol açır:
a. ABŞ-ın təxmin olunan təklifi: Rusiya Ukraynadan çıxır və əvəzində ABŞ Qafqaz respublikalarından əl çəkir. Rusiya ordusunun Ukraynadan çıxdığı təqdirdə Qafqaz respublikaları, həmişə olduğu kimi, Moskvanın müqəddəratında qalır. Buna dəlalət edən fakt görüşdən əvvəl Ağ Evin təcili Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşüb sülh deklarasiyasını imzalatması idi.
b. Rusiyanın təxmin olunan təklifi: ABŞ Ukraynanın bir hissəsini Rusiyaya verir və Qafqaz iddiasından birdəfəlik əl çəkir – bunun müqabilində Rusiya Baltikyanı respublikalar olan Estoniya, Latviya və Litvaya “Xüsusi Hərbi Əməliyyat” çərçivəsində, orada yaşayan rus millətli vətəndaşlara “dəstək olmaq üçün” daxil olmur və onlara qarşı taktiki nüvə silahından istifadə etmir. Buna dəlalət edən fakt Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Alyaskaya üzərində “SSRİ” yazılan mayka ilə gəlməsi idi. Cənab Lavrov bu maykanı elə-belə geyinə bilməzdi – maykanın bir neçə mənası və tamaşaçılarımıza mesajı var. “SSRİ” maykası, ən azı, “Mən bütün 15 respublikanı yenidən Rusiyanın təsiri altına toplamaq fikrindəyəm” deməkdir.
3. QIRMIZI MULETADAN QIRMIZI XALÇAYA
(17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib)
Donald Tramp, sözün əsl mənasında, Vladimir Putin üçün Alyaskada qırmızı xalça sərdi və bununla bir daha ABŞ üçün vacib olan tərəfin altından qırmızı xətt çəkərək, həmin xətlə Ukrayna ümidlərinin üstündən keçdi. Dünyaya mesaj çox sadə idi: “Baxın, Haaqa orderləri kağız parçasından başqa bir şey deyil”. Əgər bir nəfərə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs orderi verilibsə və o, Amerika torpağında rahat gəzirsə, deməli, ya qanun yoxdur, ya da qanun yalnız zəiflər üçündür. Bu da o deməkdir ki, bizim – tamaşaçıların – gözünün qarşısında səhnədəki V. Şekspirin “Hamlet” əsərini oynayan aktyorlar tez-bazar kostyumlarını dəyişərək A. Çexovun “6-cı palata” əsərini canlandırırlar.
4. QIRMIZI MULETADAN QIRMIZI SİFƏTLƏRƏ
Belə ki, tanınmış və məharətli aktyorlardan sayılan maestro Tramp və Putin səhnədə kameraların qarşısında dostcasına gülümsəyərkən Volodimir Zelenskiyə televizorun arxasından baxmağı “tövsiyə etdilər”. Sözsüz ki, Vladimir Putin gəlmədən öncə Donald Trampa ultimatum qoymuşdu ki, görüş Zelenskisiz olacaq və cənab Tramp bu təklifə razı olmaqla hörmətsizliyə rəsmi beynəlxalq status verdi! Ukrayna lideri bu mənzərəni yəqin ki, "Netflix"dən izləyirdi. Buna da artıq öyrəşmək lazımdır – yeni beynəlxalq siyasətin “streaming versiyası”: böyük aktyorlar rol başında olanda epizodik rolların ifaçıları səhnə mizanını monitorlardan izləyirlər.
Bu görüşün iqtisadi nəticələri də oldu: Putin pulsuz beynəlxalq efir vaxtı aldı və dünyaya istədiyi mesajları çatdırdı, Tramp isə seçki kampaniyası üçün “ən çətin adamı belə evimə gətirdim” deyə reklam materialı topladı. Yəni, biri siyasi “like” qazandı, o biri isə “post”larının sayını çoxaltdı. Çox ehtimal ki, söhbət Rusiya enerji mənbərlərinə də toxunub - ABŞ bu gün Çini zəiflətmək üçün hər şeyə getməyə hazırdır.
5. QIRMIZI MULETADAN QIRMIZI QƏLƏMƏ
Amma, gəlin, özümüzə qarşı da səmimi olaq: bu səhnədə Azərbaycan tamaşaçı yox, aktyor olmalıdır. Azərbaycan və Ermənistan rəhbərləri ABŞ-da sülh deklarasiyasına imza atarkən, Qərbin təntənəli əl çalması, ardınca isə Putinin qəzəbli baxışları altında həmin imzaların dəyərini ölçmək lazımdır. Çünki hər yeni sənəd, sanki kağızda çəkilmiş barış xəritəsi ertəsi gün Moskvanın əlində “qırmızı qələm”lə düzəlişlərə məruz qalır. Qırmızı demişkən, Gürcüstanın keçmiş prezidenti M. Saakaşvilinin qırmızı qalstukunu dişləməsi yadıma düşdü. Onda ona dəstək olan ABŞ-ın ovaxtkı prezidenti C. Buş oyundan çıxaraq Gürcüstanı Rusiyanın “qırmızı qələmi”nin altına atdı… Bilmirəm, o vaxtdan dünya dəyişib, yoxsa yox – hər halda ABŞ və Rusiya öz coğrafiyalarında qalmaqdadırlar.
QIRMIZI EPİLOQ ƏVƏZİ
Siyasətçilərin ən böyük məharəti – dünən dediklərini sabah unutdurmaq, bu gün etdiklərini isə sabah müqəddəs elan etməkdir. Putin və Trampın bu görüşü də məhz belədir. Bu gün Ukrayna görüşə dəvət olunmur, sabah isə yenə də “sülh üçün əsas fiqur” elan oluna bilər. Bu gün Qafqazda sülh üçün imza atılır, sabah isə həmin imza “texniki səhv” kimi və ya ümumiyyətlə heç cür izah olunmaya bilər.
Amma bizim üçün ən vacibi odur ki, hər kəs öz rolunu düzgün oynasın. Vladimir Putinin rolu məlumdur – o hər zaman səhnədədir. Donald Trampın rolu da aydındır – o rejissorla aktyorun qarışığıdır. Qalan xalqlara isə tamaşaçı zalında yer ayrılıb.
Sual budur: Azərbaycan da bu təkrarlanan premyerada tamaşaçı kimi əl çalacaq, yoxsa aktyor kimi səhnəni dəyişməyə qadir olacaq?
Əsas Xalqdır. Hər bir rəhbərin arxasında Xalq durmalıdır – hər bir zəfərin də düsturu məhz budur. ABŞ-da vəziyyət məlumdur: Bayden xalqını sola sürür, Tramp isə sağa. Sabah gələn "turş-şirin"in hara sürəcəyini bizim bilməyimiz mümkün deyil. Rusiyada xalq bütün dünya ilə savaşır və “Rusiyasız bu dünya heç kimə lazım deyil” deyir. Bəs Azərbaycanda Xalq nə deyir – üç, dörd qapını ört, yoxsa beş, altı, daşaltı?