Turan səması uğrunda
Turan ideyası iqtisadi məzmunsuz qalarsa, ölümə məhkumdur...
Turanın nəhayətsiz quru əraziləri dünya supergücləri arasında düşmən malı kimi çoxdan, bəli, çoxdan bölüşdürülsə də...
Çingiz xan mirasının ehtiyatda tükənməyən hələ də ölçüsüz sərvətləri var.
Turanın ucsuz-bucaqsız ərazisi, təbii sərvətlər mövzusunu ataq hələlik bir yana. “Turan səması” mövzusu da, bu gün dünya maliyyə borsalarının, investisiya fondlarının bir saylı hədəfidir.
İndi Paris, London, Pekin, Moskva investorları, maliyyə baronları, borsaları Turan səması uğrunda ağızlarını suladan böyük iştaha düşüblər.
İşarələdiyim bu aerokosmik mövzunun ilk abzasları, düzü, əvvəllər Turan yox... İran hava ərazisi ilə əlaqədardır.
Dünya səmasını, aerodaşımaçılıq xətlərini öz aralarında bölüşmüş "Airbus" və "Boeing" kimi nəhənglər, bəli, əvvəlcə Turan yox, məhz İran hava ərazisi uğrunda savaşa girişdilər. 2015-ci il 15 dekabr tarixində dünya supergücləri, dəqiq desək, BMT Təhlükəsizlik Şurası üzvləri bir araya toplanaraq qərar verdilər - İran başıbəlalı öz atom dosyesini uluslararası “International Atomic Energy Agency” qurumunun videomüşahidə kameralarına təslim edir. Əvəzində öz neftini dünya bazarına axıdır.
Ancaq ortada bir “əmma” da vardı - İran bu neft gəlirlərini özbaşına xərcləməməli, əvəzində Avropadan 300-ə yaxın Airbus A380 təyyarələrini sifariş etməli idi.
İkinci “əmma” isə lap qəliz idi.
ABŞ demokratları Barak Obamanın imzaladığı bu sazişi mühafizəkar respublikaçılar süngü ilə qarşıladılar. Sonra Don Trampın səyi ilə sıfırlayıb yox etdilər.
Uduzan Fransa idi.
Sifariş ölkənin Tuluza şəhərindəki nəhəng “S.A.S” Qapalı Səhmdar cəmiyyəti tərəfindən reallaşdırılsa idi, hə...rəqib BOEİNG şirkətinin eşşəyi, düzü, təyyarəsi öləcəkdi.
"Boeing"lə "Airbus" şirkətləri arasında qanlı qarşıdurma çoxdanın söhbətidir. Mövzu sizi çox maraqlandırırsa, italyanların 1979-cu ildə çəkdiyi “Concorde Affaire” kriminal filminə bir də mən deyən nöqtədən baxın. Suallarınınzın hamısına tamaşadan sonra cavab tapacaqsınız.
Qayıdaq müasirliyə.
Beləliklə, Trampın səyi nəticəsində, İranın “Atom dosye” keysi Avropa bazarında yiyəsiz qaldı. İranın hava ərazisi, mülkü təyyarə parkının taleyi də, elə, havadan asılı vəziyyətə düşdü.
Əvəzində Turan səması, Turan coğrafiyası mövzusu, gözqamaşdırıcı bir parıltıyla, dünya investisiya fondlarının bir saylı hədəfinə çevrildi.
Türk Dövlətləri Təşkilatı üzvləri, ilk növbədə Ərdoğan, Tokayev və İlham Əliyev bilin, romantik deyillər. Bilirlər - Turan ideyası iqtisadi məzmunsuz qalarsa, ölümə məhkumdur. Bilirlər - Turanın quru ərazisi hə, təəssüf olsun ki, Çin, Rusiya, ABŞ maraqları dairəsindədir. Ancaq Turanın hava ərazisi hələ ki sahibsiz, layihəsizdir. Özünün nəhəng aero investorlarını gözləyir.
“Turan səması” keysi hə, bu andan etibarən düşür Tokayevlə Ərdoğanın güclü iti caynaqlarına. Tokayev detalları əvvəlcə Çinlə razılaşdırır.
Mövzu, Səmərqənddəki növbəti “türk zirvəsində” müzakirəyə çıxarılaraq dönür Türk dünyasının bir saylı investisiya layihəsinə.
Layihə iqtisadi bazis kimi qoyulur yaranmaqda olan Turan investisiya fondunun əsasına. Projenin səhmləşdirilməsi, kapitallaşmağı, reklamı artıq real konturlar qazanmağa başlayır.
Hadisələrin gur axarını izləyək - əvvəlcə Şavkat Mirziyoyev Fransaya gedib aerokosmik sahədə böyük anlaşma imzalayır. Sonra Tokayev tələsir Fransaya.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da “Boeing” şirkətinin icraçı vitse-prezidenti, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edir.
Görüşdə Azərbaycan ilə “Boeing” şirkəti arasında 8 ədəd müasir “Boeing 787 Dreamliner” təyyarəsinin alınmasına dair bu yaxınlarda razılaşmanın əldə olunması mühüm hadisə kimi qiymətləndirilir. Azərbaycan ilə “Boeing” şirkəti arasında uzun illərdir uğurlu və etibarlı əməkdaşlığın həyata keçirildiyi vurğulanır.
Beləliklə, türk dünyası Makronun masası üzərinə öz nəhəng “Turan” investisiya layihəsini atıb.
İran keysini itirən Fransa Avropa aerokosmik sənayesi üçün bu, göydəndüşmə son şansdır.
Tuluzudakı nəhəng “S.A.S” aerokosmik şirkəti ovuclarını sürtür bir-birinə.
Erməni səhmdarlar qalırlar yana-yana.
Bax budur Ərdoğan, Tokayev, İlham Əliyevin uzaqgörən iqtisadi zehni.
Makronla da qarşıdurmanı bax bu nöqtədə həll edəcəyik.
Görərsiniz.
P.S. Avropadan Turana gedən bütün hava dəhlizləri Azərbaycan marşrutludur. Qısası, bu hava ərazisinə qulluq edəcək şirkətlər, təyyarə brendləri indidən öz kastinqlərini keçirirlər. Şansımız çoxdur. Təbrik edirəm!