Türkiyədə zəlzələ zamani talançı kimlər olub?
Türkiyədə zəlzələ zamanı talanlar niyə baş verdi və talançılar kimlərdir?
Türkiyə Prezidenti Ərdoğan zəlzələdən zərər çəkmiş Türkiyədə talançılara qarşı sərt tədbirlər görəcəyini bəyan edəndən sonra yerli "Hürriyət" qəzetinin verdiyi məlumata görə, ən azı 100 talançı həbs edilib, 10 000 avrodan çox pul və bir çox istehlak əşyaları geri qaytarılıb. Lakin Talanlar haqda dəqiq və rəsmi məlumat əldə etmək hələ də çətindir. DW-nin məlumatına görə, fevralın 15-də zəlzələdən zərər çəkmiş Diyarbəkir vilayətinə səfəri zamanı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 75 talan hadisəsinin baş verdiyini, 57 şübhəlinin nəzarətə alındığını və quldurluq-qarət hallarının həbs müddətinin 24 saatdan dörd günə qədər uzadıldığını bildirib.
Fevralın 25-də həmin əraziləri yenidən ziyarət edərkən Bəkir Bozdağ bildirib ki, talan hadisələrinin geniş yayıldığını göstərən məlumatlara baxmayaraq, "yalnız dörd talan hadisəsi təsdiqlənib" (UrduPoint Xəbərləri / Sputnik). Eyni zamanda, Türkiyənin daxili işlər naziri Süleyman Soylu yeganə problem - məsələnin şişirdilməsi və yalanların yayılması olduğunu söylədi.
Türkiyənin bir sıra aparıcı media mənsublarının məlumatına görə, həbs olunanlar arasında yerli əhalini təmsil edən adamlar yoxdur. Bununla əlaqədar sosial şəbəkələrdə bir çox videolar da yayımlanır. İnternetdə yayılan videolardan birində iki polisin dörd kişini həbs etdiyi görünür. Polisin biri deyir: "İnsanlar dağıntılar altında yatıb, siz əclaflar əriştə oğurlayırsınız? Biz sizi ölkəmizə qəbul etmişik, nə edirsiniz?". Digər videoda Kahramanmaraş şəhərində bir sahibkar dükanının sındırılmış şüşələrini yerdən yığarkan gileylənir: "Ərzaq oğurlayırsınız - halal xoşunuz olsun, çətin zamandır, anlayıram. Bəs bu hayda kofe hazırlayan maşını hara aparırsınız???". İnternetdə yayılan daha bir video diqqətimi çəkdi - hataylı iki kişi nahaq günahlandırıldığından danışır: "Biz aptekdən evə gedirdik, adamlar bizi saxladılar. Bizim əlimizdə valideynlərimiz üçün aldığımız dərman var idi. Bizi talançı hesab etdilər". Tamaşaçılara müraciət edərək, "Biz talançı deyilik. Bizi talançı kimi göstərən bütün videoları silin!" deyə yalvarırdılar. Araşdırmalar davam edir.
Bu məlumatlarla tanış olarkən təsadufən Azərbaycanla Ermənistan arasında 44 günlük müharibəni xatırladım. Bildiyiniz kimi, müharibənin ilk günündən sonunadək ANS ÇM komandası ön cəbhədə çalışırdı və şəxsən mənim reportajlarımdan biri daim düşmən artileriyasının atəşi altında qalan və dağıntılara məruz qalmış Tərtərdən idi. Baxmayaraq ki, şəhərdə dövlət asayiş keşikçilərinin fəaliyyəti məhdud idi və əhalinin çox hissəsi var-yoxunu evlərində qoyub Tərtəri qorumağa getmişdi, bütün müharibə boyu orada, bir dənə də olsun, talan və ya oğurluq hadisəsi qeydə alınmamışdı...
2020-ci ilin Oktyabr ayında Tərtərdən etdiyim reportajı buna sübut olaraq diqqətinizə çatdırıram. Gəlin, birlikdə baxaq.
Bu məqalə həmçinin facebook səhifəmdə də var: