BLOQ

Türkiyəli çeçenlər

Sizin üçün ən təhlükəsiz, ən rahat yer haradır sualına hər 10 çeçendən səkkizi Türkiyənin, yerdə qalanları Dubayın adını çəkir

Türkiyəli çeçenlər
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Lermontov deyirdi ki, Kazbek dağını yerindən tərpətməyə qadir çeçenləri kölə vəziyyətinə salacaq adam hələ dünyaya gəlməyib. Müasir çeçenlərə bunu xatırladanda elə bil yaralı yerlərinə toxunursan. Dərindən köks ötürüb, illərdir necə pərən pərən düşdüklərini hamının yanında açıq danışmaqdan çəkinsələr də, dərdləri açılanda da bulaq kimi qaynayırlar: “Çoxumuz öz vətənimizdə təqib olunuruq, Rusiyada bizi qəti sevmirlər. Çadralı qadınlarımıza terrorçu gözüylə baxırlar, uşaqlarımıza qaynayıb qarışmırlar, avtomobilimiz son model olmuş olsa belə, Moskvanın ən elit rayonunda yaşamış olsaq belə yenə bizi bəyənmirlər, istəmirlər”.

    Yaxşı, bəs sizin üçün ən təhlükəsiz, ən rahat yer haradır sualına hər 10 çeçendən səkkizi Türkiyəni, yerdə qalanları Dubayın adını çəkir.

    Türkiyədə heç kim qara çadralı çeçen qız və qadınlarına yan gözlə, şübhə ilə baxmaz. Çeçenlər üçün həyati əhəmiyyətli məsələ də elə budur. Onlar bu azad ölkədə uşaqları üçün rahatlıqla dini məktəblər də tapa bilirlər. Hətta Antalya kimi kosmopolit, çoxmədəniyyətli və çoxmillətli şəhərdə dini təmayüllü özəl məktəb belə var. Varlı çeçen ailələri arasında geniş populyarlıq qazanmış məktəbdə şagirdlər üçün namaz otaqları, Quran dərsləri və hətta oğlanlarla qızların ayrı oturduqları siniflər belə var.

    Çeçenlər İslamın sünni məzhəbindəndilər. İslamın yayılmağa başlama tarixi VIII əsrdə başlayıb XVIII əsrə qədər davam edib. Oktyabr inqilabından sonra İslam onsuz da bütün SSRİ-də ciddi represiyaya məruz qalır. 1944-cü ildə isə İslam dini Çeçenistanda tamamən məhv edilir. Çeçenlərin zorla Orta Asiyaya deportasiya olunmasından sonra.

    Sovet rejiminin rəsmən çökməsi ilə dini vakuumdan çıxan bütün müsəlmanlar kimi çeçenlər də rahat ibadətə başlayıblar. Kadırov rejimi ilə yollari tərs düşən çeçenlər müxtəlif ölkələrə yayılsalar da, yenə də rahatlıq tapa bilmirlər. Və nəhayət, Türkiyəni sığınacaq seçirlər. Bütün qəribəliklər də elə buradadır. Çeçenləri danışdırsan, türklər haqqında neqativ danışacaqlar. Ən böyük qəribəlik isə Atatürkə olan gizli nifrətdir. Əksər çeçen uşaqları Atatürkün adı gələndə qaşlarını çatır, valideynlərindən eşitdikləri uydurma söhbətlər danşırlar. Bir gün bir çeçen uşağından eşitdim ki, guya Atatürk müsəlmanlara ibadəti və hətta guya namazdan əvvəl dəstəmaz almağı yasaqlayıbmış. Türk məktəblərində həftənin əvvəli və sonunda şagirdlər Türkiyənin rəsmi himnini səsləndirir və sayğı duruşuna düzülürlər. Bu, bir ənənədir. Çeçen şagirdlərindən biri isə hər dəfə sırada durmamaq üçün bəhanə tapıb yoxa çıxmağa başlayır. Məlum olur ki, çeçen balası Türkiyənin himnini eşitmək istəmir. Uşaqdan bu davranışının səbəbini öyrənəndə “Anam bilsə, məni döyər”- deyib... Məsələ ailəyə çatdırılir. Valideynlər öz uşaqlarının dili ilə ortaya çıxmış həqiqəti boyunlarına almırlar.. Uşağı isə yaxşıca kötəkləyirlər.. Həddi-buluğa çatmış çeçendən soruşursan ki, müasir Türkiyə Cumhuriyyətini kim qurub, xəbərin var? Bu rahat imkanlarınızı, ibadət azadlığızını hansı dövlət sistemi sizə şərait yaradır, xəbərin var?..

    Ölkədən qaçmış çeçenlərin çox böyük əksəriyyəti Kadırovu sevmir. Sevmirlər, amma nə hikmətdirsə, çeçen kişiləri özlərini Kadırova oxşadırlar. Onun kimi geyinir, eynilə onun saqqalından saxlayır, saç düzümü, sevdiyi geyim brendlərini alır, danışığinı, duruşunu kopyalayırlar.

     Çeçen qadınının qapqara çadrasının kürəyinin tən ortasında iri hərflərlə yazılmış “Balenciaga”, ya da “Christian Dior” adamın gözünə batır. Bəzən baş örtülərində özlərinin də fikir vermədiyi, amma brend və dəb olsun deyə xırda, xaçvari naxışlar görürsən.