Qədim Yunan fəlsəfəsində deyilirdi: "Zaman hərəkətin ölçüsüdür".
Vaxt - dəhrdən müvəqqəti müddətə deyilir. Zaman isə dəhrin içində qeyri-müəyyən bir müddətdir (istər uzun olsun, istər qısa).
Dəhr deyildikdə isə zamanın bütünü nəzərdə tutulur.
Ana gəldikdə isə, o zamanın ən qısa parçasıdır.
Qurana nəzər saldıqda isə zamanın bütün hissələrinə and içilir. Məqsəd nədir? Məqsəd insan oğluna hər şeydən daha çox ixtiyarında olub ən az qədrini bildiyinə diqqət etməsidir. Yəni, ey insan oğlu! Zamanı yaradan mən olan Allah ona bu qədər önəm və əhəmiyyət verirəmsə, sənə nə oldu özünü bu qədər özbaşına hiss etdin?! Başqa sözlə desək, əhəmiyyətinu dərk etməli olduğu, amma edə bilmədiyi həqiqətlərə and içilir. Əslində Allah bununla həm də başa salmaq istəyir ki, əgər nəsə hər şeydən çox tapılırsa, onun qiymətinin düşmə anlamına gəlməz.
Allahın Əziz ismi də buna sübutdur. Çünki "Əziz"olan Allah hər zaman, hər yerdə olsa da, dəyər və əhəmiyyəti əsla azalmaz. Bu mənadan yola çıxaraq, su, hava və zaman da bizim üçün "əziz" dir.
Zaman bir ruzidir. Amma ruzi dedikdə, biz hər yeyib-içiləni qəbul etməməliyik. Necə ki, Aişə bu barədə deyir: "Ruzi deyincə, yalnız ağlına mədəsinə düşənləri düşünənlərin ağlına heyranam". Zamana bir nemət və ruzidir demək, onu israf etmək olmaz. Çünki zamana israf, həyata israfdır. Allah isə israf edənləri sevməz.
Bir daha insanın zaman anlayışına qayıdaq.
Bir insandan keçmiş, indiki və gələcək zaman nədir deyə soruşun. Onun bu üç gerçəklik barədə təsəvvürü əslində dünya görüşündən və düşüncə tərzindən xəbər verəcək. Əgər biri bu sualı, sadəcə, keçmiş, keçmişdə yaşadıqlarımız deyə cavab verirsə, onun zaman barədə təsəvvürünün çox məhdud olduğuna tam əmin olun. Çünki zaman anlayışı düşüncənin, yəni şüurun məhsuludur. Bir anlıq heyvanat aləminə nəzər salaq. Onların zaman anlayışı yoxdur. Çünki şüura sahib deyillər. Onlar da özlərinə görə Allahın şəninə təriflər deyər, əgər belə demək mümkünsə, ibadət edərlər, amma insan kimi zaman çərçivəsində və zamanla deyil. İbadətin vaxt və zamanla yerinə yetirilməsi insan oğluna əslində onun dəyərini bilib dərk etmək üçündür: gündəlik 5 vaxt namaz, ildə bir dəfə bir ay vacib ramazan orucu, həftədə bir dəfə cümə, ömürdə bir dəfə həcc ziyarəti, dini vergilər ildə bir dəfə xüms və zəkat və s. Quranda "düşünmək" mənasında işlənən feillər də zamana görə fərqlidir (təzəkkur, təfəqquh, tədəbbur, təfəkkur və təəqqul) . Belə ki, keçmiş zaman üçün - "təzəkkur" (xatırlayaraq və ibrət alaraq düşünmək), gələcək zamana gəlincə, Quran "tədəbbur" etməyi (yəni davamlı olaraq düşünməyi, həm də arxaya nəzər salaraq gələcək barədə düşünməyi) əmr edir.
Və nəhayət, indiki zaman barədə "təfəqquh" kəlməsindən istifadə olunur. Şəriətə verilən "fiqh" sözü də eyni kökdəndir. Dediklərimizdən nəticə çıxararaq, insan keçmişini xatırlayıb (təzəkkur edib) gələcəyini götür-qoy etməlidir ki (tədəbbur etməli), yaşadığı zaman barədə nəticə çıxarsın (təfəqquh etsin).
Qeyd etdiyimiz kimi, düşüncə barədə beş fərqli kəlmədən istifadə edən Quran bunlar arasında əlaqə, bağ qurma üçün də "təəqqul" etməyi əmr edir. Dilimizdə işlənən "ağıl" sözü də "əql" sözündən götürülüb ki, bunun da mənası bağlamaq və birləşdirməkdir. Çünki beynimiz ağlımız sayəsində ixtiyarında olan ilkin məlumatlar arasında əlaqə yaradıb nəticə çıxara bilir. Və nəhayət "təfəkkur"(təfəkkür) etmə əmri də insana aid edilir. Yəni hər bir zaman kəsiminə mütəfəkkircəsinə yanaşmaq ondan payına düşəni götürməkdir.
(Ardı var)