Hərbi attaşelərə ermənilərin qanunsuz fəaliyyəti göstərildi

Faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb VİDEO

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Avqustun 15-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.

    Brifinqdə son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyinə dair faktlarla bağlı xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verilib.

    Bildirilib ki, Laçın yolunun qanunsuz hərbi daşımalar üçün istifadəsi yolverilməzdir. Azərbaycan tərəfinin alternativ olaraq təklif etdiyi Ağdam-Xankəndi yolu zəruri yüklərin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə vaxtında çatdırılmasını, eləcə də onların Azərbaycan Respublikasına reinteqrasiyasını daha da sürətləndirəcəkdir.

    Həmçinin Ermənistan tərəfinin yeni təxribatlara hazırlıq məqsədilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrin döyüş mövqelərini gücləndirməsi, eləcə də bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməklə mülki əhalini kütləvi şəkildə silahlandırması faktları tərəfimizdən qeydə alınıb.

    Bu kimi təhrikçi fəaliyyətlərin Ermənistanın Azərbaycanla şərti sərhədi istiqamətində döyüş texnikası və artilleriya qurğularını cəmləşdirməsi ilə müşayiət edilməsinin bölgədə gərginliyin artmasına səbəb olduğu diqqətə çatdırılıb. 

    Öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə Avropa İttifaqının Ermənistandakı missiyasını da alət etməyə çalışan qarşı tərəfin bu kimi fəaliyyətlərinin beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi daşıdığı və yolverilməz olduğu xüsusi vurğulanıb.

    Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb.