BLOQ

Azərbaycan Kinosunun Daşbulaq RENESS/ANS-ı

...və ya Azərbaycan Qəhrəmanları haqda film neçəyə olmalıdır?

Azərbaycan Kinosunun Daşbulaq RENESS/ANS-ı
  • Oxuma müddəti:

    10 dəqiqə

  • Azərbaycan kinosu XXI əsrin əvvəllərində klassik qaydaların reviziyası və yeni, tam şəraitsizlik vəziyyətdə yenidənqurma dövrünə qədəm basıb. Artıq Azərbaycan kinosunun qoca Afina və ya Hermes bütlərini ümumiyyətlə tanımayan yeni kino "fidanları" hökumət "piyində" hazırlanmış ittifaq qovurmalarından dadmayan yeni nəsil olduqlarından tam sərbəst və azaddır və bu səbəbdən yaradıcılıqla məşğul olmaq istəyir və bunu müvəffəqiyyətlə edir. 

    Ümumiyyətlə, "Azərbaycanfilm" və Azərbaycan kinosu 1990-cı illərdə öldü desək, yanılmarıq, düşünürəm. O zamanlar artıq filmlər Azərbaycanın bədii irsi deyil, "Azərbaycanfilm" mühasibatlığında həm ziyarət, həm ticarət üçün rasimləşdirilməyə başladı. Bundan sonra rəhmətə getmiş Azərbaycan kino korifeylərinin qəbiristandığında biri-birindən ölü filmlər peyda olaraq, Rza Təhmasib, Həsən Seyidbəyli, Tofiq Tağızadənin "fatihəsini" oxudular. Belə ki, artıq "perestroyka"ya uğramış "Azərbaycanfilm"in həyətində "qocalar evi" yaranmağa başladı. Buna etiraz edən, hələ də sağ qalan kino vurğunları domino daşları ilə vuruldu və pürrəngi, xoruzpipyi çay stəkanlarında "boğuldular". Necə deyəllər, atları qırmağa başladılar ki, kinoloqların bayramı olsun!

    Amma 1898-ci ildən inkişafda olan Azərbaycan kinosunu belə asan öldürmək olmazdı. "Azərbaycanfilm"dən kənarda da kino istehsalı başladı və sahədə yeni "tumurcuqlar" əmələ gəlməyə başladı. Məzəli mənzərə yarandı – ölməkdə olan köklərin üzərində yeni fidanlar bitməyə başladı. Dövlət kinostudiyasını, yəni “kökləri” suvarmaq yerinə, hər il yarım milyon manat civarında hökumətdən maliyyələşən cüt-cüt kino ittifaqları özlərinin şəxsi məsrəflərindən savayı, yalnız Azərbaycan kinosunun "3"-ü, "7"-si, "cüməaxşamları", "40" və ondan sonra hər il rəhmətliyin il mərasimlərinin "palatka" məclislərinin maliyyələşməsi ilə məşğul oldu.

    Hökumət “Keçmişdən salam” adlanan bu tammetrajlı "qocalar evlərinə" xərclənən maliyyəni azaltmaq üçün bu ilin sentyabrın 6-da aktrisa Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi İttifaqı ləğv etdi və aktyor Rasim Balayevin “Məndə sığar iki cahan” ifadəsinə inanaraq onun rəhbərlik etdiyi "Tifaqı" saxladı. Rus burada deyərdi: “Pomenyali Şılo na Mılo”. Ümumiyyətlə, “Mılo”nun qələbə çalması yalnız bu sahədə deyil, son vaxtlar ölkə miqyasında bir çox "sürüşkən ssenari"lərdə yer alır.

    Lakin, gəlin, bədxassəli məqamlardan keçid edək xoşxassəli törəmələrə. Sizə kimdən danışım – Şəkidə tanış olduğum Urfansoy Talehdən. Bu maraqlı gənc təzəlikcə 2-ci Qarabağ müharibəsindən qayıdaraq dərhal uşaqlıqdan sevdiyi kino sənətinə atılıb. Özü də tək yox – ön cəbhədə və arxa cəbhədə Azərbaycan uğrunda vuruşan dostları ilə. Tanışlığımızın ilk anlarından Talehin taleyini digər bir Azərbaycanlının həyat yoluna oxşatdım… Lakin, Stalinin dediyi kimi, “Tarixdə paralellər təhlükəlidir” ifadəsini rəhbər tutaraq Talehlə daha yaxından tanış olmaq qərarı verdim və onun dəvəti ilə getdim çəkiliş meydanına. Düşünürəm, mənim vəziyyətimdə olduğu kimi, bu gənclərin də Vətən qarşısında göstərdikləri şücaətləri müharibədə deyil, məhz ölkəmizin kino cəbhəsində, yerli məmurlarla baş verir və hələ baş verəcək. Müharibədə vuruşmaq olduqca asan bir təşkilatdır – sənin maksimum iki düşmənin ola bilər – bir, qarşında dayanan düşmən, iki, arxada olan satqın və ya ibnə. Amma XXI əsrin Azərbaycan kinosu və əlaqəli məmurların arasında ilk baxışdan düşmən yoxdur, hamısı el oğulları və qızlarıdır, amma nəticə etibarı ilə 99% düşmən kəsilir və 1% şübhəli çıxır. Müharibədə sən ya Qəhrəmansan, ya Şəhid (mənim üçün şəxsən hər ikisi eyni Qalibiyyətdir), Azərbaycan kinosunda isə sən daim işgəncələr yaşayan Əsir.

    Bu "ximiya kursu"nu da yekunlaşdıraq və keçək Talehə. Onunla həm Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və  VMF Holdinqin birgə hazırladığı Anım günü tədbirində şəhid və qazilərimizə həsr olunmuş görüşdə, həm də çəkiliş meydançası, Daşbulaq kəndinin təpələrində döyüş səhnələrini çəkərkən rastlaşdıq. Şəxsən mənim üçün bu iki məqam onun portretini canlandırmaq üçün kifayət oldu. Mənim fikrimcə, Talehin yaradıcılığına aid müəyyən bir stilistik ştrix və ya məhz ona xas olan bir texnikanı müəyyən etmək mümkün deyil. Sözsüz ki Taleh, bizim “bəzi” rejissorlarımızdan fərqli olaraq, müharibənin nə olduğundan agahdır və onu canlandırmaqda məharəti var. Buna sübut, onun dostları ilə birlikdə reallıqdan heç də fərqlənməyən döyüş meydançasının mizanını yaratmaqdır. İlk baxışdan mənə elə gəldi ki, mən Əfqanistan, Bosniya, Livan, Liviya və ya Qarabağın hansısa döyüş mövqeyindəyəm. Mənzərə elə realistic idi ki, məni bir anlıq qeyri-ixtiyarı olaraq təhlükə refleksi bürüdü, lakin sağ çiynimin arxasından mənə gənclərdən biri limonad təklif edəndə dərhal “kəndimə”, Daşbulağa qayıtdım. Talehin yaradıcılığında mən stilizasiya cəhdi görmədim, amma estetikaya yaxınlıq var idi. Bu, səhnələrin incə vizuallaşmasında, kamera işində və həddindən artıq poetik texnikada özünü göstərir. Nəticə olaraq, bu minimalizm aşıqlərinin İkinci Qarabağ müharibəsi haqda bədii-sənədli filmi gözəl bir əsər ola bilər, lakin bunun qarşısını alan bir sıra ciddi problem və əngəllərlə rastlaşdım.

     
    Öncə, düşünürəm, Talehin kino vurğunları komandasına, minimal da olsa, çəkiliş üçün şərait yaradılmalıdır. Səhnədə nə peşəkar partladıcı, nə kaskadyor, nə skript, nə kostyumçu, nə də qrim ustası gördüm. Bütün bu vəzifələri Taleh və onun dostları edirdi. Bundan əlavə, bu kino fədailərinin lazımi çəkiliş texnikası yox idi. Bir kamera və bir linza. Bununla döyüş səhnələrini çəkmək mümkün deyil! Amma Talehin komandası çəkir, əziyyət çəkir, iztirab və dayanmadan əsəbləri tənzimləyəcək siqaret çəkir,


    Azərbaycan Qəhrəmanları haqda film çəkir... Bu məqaləmə qoşduğum çəkiliş meydanında telefonuma çəkdiyim qısa videoda aşkar görmək olar ki, operator döyüşdəki personajin həlak olmasını yaxından çəkmək üçün linzanı dəyişərək, mizanı yaxınlaşdırmaq yerinə özü maksimal olaraq əsgərə tərəf yaxınlaşır… Bu zaman operator çəkdiyi kadrlarla birlikdə, yanan maşın təkərlərinin çox zərərli kimyəvi-zəhərli tərkibli tüstüsünü udur. Yox, onun üzü çöllərdə günəşdən yanmayıb – bu fədainin udduğu zəhərli tüstünün boyasıdır. Hələ mən orda olarkən onun ağız-burnunu qara dəsmalla bağlamağa nail oldum, yoxsa heç ondan da istifadə etmirdilər…

    Axi niyə biz belə Vətənpərvər fədailəri Daşbulaq çöllərində məhv edirik? İsti kabinetlərdə milyonlarla dövlət büdcəsini talan edən, həyatlarını artıq yaşamış qıcqırmışlar bir-biri ilə harınlıqdan savaşanda, Daşbulaq çöllərində hələ həyatına yeni başlayan, lakin artıq Vətən uğrunda misli olmayan fədakarlıqlara imza atanlar məhv olaraq Qarabağ savaşının kadrlarını lentə alırlar.

    Soruşdum Talehdən:

    - Qardaş filmin büdcəsi nəqədərdir?

    - 5 min manat veriblər, amma o sadəcə Bakıdan bura çatmağa bəs etdi (gülür). Bütün burada gördüyün aktyor və texniki personal təmənnasız işləyir. Hər şeyi dost-tanış köməyi ilə edirik. Evdən imkanımız çatan hər şeyi satıb kamera almışıq. 

    Anlamadım. Bəyəm Azərbaycana Qəhrəmanlar haqqında filmi 5 min manata çəkmək lazımdır? Bəyəm Qəhrəmanlar Vətən uğrunda canlarını veriblər ki, onlar haqqında 5 min manata film çəkilsin?

    Səhv etmirəmsə, bu məbləğ bir deputatın aylıq maaşından belə azdır və ya çəkiliş üçün ən ucuz kamera dəsti 30 min manatdan çoxdur. Bunun hələ işığı, kostyumları, montajı, aktyor və çəkiliş qrupunun məsrəfləri var…

    Çox acınacaqlı mənzərə idi bu. Ən əsası, nə bu fədailərə, nə də barələrində çəkildiyi bu film qəhrəmanları olan cangəvərlərimizə layiq olan mənzərə deyil idi bu! 

    Taleh və onun komandası kimi fədailər hər bir ölkədə azlıq təşkil edir. Bunları daim qorumaq və dəstəkləmək lazımdır. Mütləq şəkildə Azərbaycan kinosunun gələcəyi naminə Dövlət bu gəncləri xaricdə fəaliyyət göstərən adlı-sanlı kino universitetlərinə yollamalıdır ki, onlar fundamental təhsin alsınlar. Təhsil alsınlar və Xalqına, Vətəninə salnamələr, gələcək nəsilləri döyüşə qaldıra biləcək sənədli filmlər, Azərbaycanımızın şanlı tarixi köklərinin sağlam olmasını yarpaqlara nümayiş etdirən bədii filmlər və daim milli özünüdərketmə sistemini qidalandıran verilişlər versinlər. Unutmayın ki, artıq ANS də yoxdur. Düşünün ki, ANS-siz Vətənimizin ideoloji dəliyini kimlər bağlayacaq və ya "kapatacaq"?