“Boynu kəndirli reportaj”
Sui-qəsddə təqsirləndirilən şəxslərə aid məlumatları nə DİN, nə DTX rəsmən təsdiqlədi
Fazil Mustafaya sui-qəsd edilməkdə ölkənin sosial şəbəkə və saytlarında yayılan şəxslər barədə məlumatlar nə DİN, nə də DTX tərəfindən rəsmən təsdiqləndi.
Maraqlıdır, bəs onda “Report.az” saytında çalışan kolleqalarımız tirajladığı və sui-qəsddə təqsirli bildiyi şəxslər barədə bu qədər dəqiq məlumatları haradan alıblar – şəxslərin dəqiq adları, soyadları, təvəllüdü, dini məzhəbi və ən maraqlısı, illər ərzində İrana neçə dəfə səyahət etdiklərini? Bu məlumatları əldə etmək üçün kolleqalarımız DİN, DTX, AZAL, Miqrasiya Xidməti, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumalara İş üzrə Komitə və digər dövlət strukturlarından rəsmi məlumat almalı idilər və ən azı, onlara istinad etməli idilər. Mən hələ 10 milyonluq əhalidən məhz bu adamları seçərək onları sui-qəsd hazırlayan və hətta kimin bu terror aktında hansı vəzifəni icra etməsini dəqiq tapmasından danışmıram.
Məlum məsələdir ki, bu məlumatlar “Report.az” saytına haradansa sızdırılıb. Normal praktikadır və bütün dünyada istifadə olunur. Amma bunun da qaydası var axı. “Report.az” saytı belə məlumatları rəsmi təsdiqsiz və ya rəsmi güc strukturlarına istinad etmədən verirsə, demək, ya onlar Azərbaycan Respublikası güc strukturlarından daha faydalı fəaliyyat göstərir və ya onların həmin bu strukturlarda casusları var ki, onlara bu məlumatları ötürür… Hər iki hal yaxşı hal deyil və hətta Azərbaycan Respublikasının qanunvericiliyi ilə cəzalandırılır. Əziz həmkarlar, hər bir məlumatın mənbəyi olmalıdır! Bu cür mənbəyi məlum olmayan məlumatlarla bir tərəfdən siz Azərbaycan Respublikasının güc strukturlarını çətin vəziyyətə salırsınız, digər tərəfdən isə oxucuların etibarını itirirsiniz.
ANS-də məlumat yaymaq üçün mutləq iki mənbə olması vacib idi. Belə olmayan halda məlumat yayıma getmirdi.
ANS-in digər vacib qanunlarından biri də odur ki, terrorçunun, caninin nə irsi, nə milliyyəti, nə də məzhəbi var. Yəqin ki, bu sətirləri oxuyanlar dəfələrlə Qərb mətbuatında hər bir mənfi hadisənin arxasında “müsəlman”ların durduğunu eşidəndə əsəbiləşirdi. Bəli, adam balaca uşaqları zorlayırsa və ya haranısa partladırsa və ya kiminsə həyatına sui-qəsd edirsə - o canidir və həbs olunmalı və məhkəmə yolu ilə onun cinayəti təsdiq olunmalıdır və o cəzalandırılmalıdır. Məhz məhkəmədən sonra hər bir təqsirli bilinən şəxsi cinayətkar adlandırmaq olar. Təzəlikcə yaşadığımız Tərtər hadisələrinin qurbanlarını xatırlayın. Jurnalistikanın yazılmış qanunları var!
Dünyada multikulturalist ölkəsi kimi tanınan Azərbaycanda bir cinayətdə bir sayt tərəfindən təqsirli sayılan şəxslərin dəfələrlə məzhəblərinin şiə olmasını xatırlatmaq hansı məqsədləri güdür? Əsrlərlə Azərbaycanda şiələrlə sünnilər əziz qardaş və bacıdırlar, ailələr qurub xoşbəxt həyat sürürlər, eyni məscidlərdə namaz qılıb mərasimlər keçirirlər. Mən Suriyada da, Səudiyyə Ərəbistanda da və s. münaqişəli ölkələrdə olmuşam və məzhəb qarşıdurmasının nə olduğunu çox yaxşı bilirəm. Allah bizi bu bəlalardan qorusun. Amma onu da unutmayaq ki, böyük münaqişələr balaca məqalələrdən başlayır.
“Report.az” saytındakı kolleqalarımızın məqalələrində 4 şübhəli hesab etdikləri şəxsdən bəhs edən yerdə başlığa 10 nəfərdən ibarət bir təsvir yerləşdirmələri isə mənə heç aydın olmadı. “Report.az” haqqında dəqiq məlumat paylaşdığı 4 nəfəri cinayətkar hesab edirsə, bəs onda məqalənin ön şəkilində nümayiş olunan digər 6 nəfər kimdir? Axı bu şəklin altında “Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub” başlığı yerləşdirilib. Sözün düzü, anlamadım. “Report.az” bu şəkildə dayanan adamların bəzilərini cinayətkar hesab edirsə, özü bilər və buna görə qanun və təqsirləndirdiyi adamların ailələri qarşısında cavabı da özü verəcək, bəs qalanlarının şəkillərini niyə dərc edir? Sayt onları da cinayətkar hesab edirsə, niyə bu barədə məqalədə heç nə yazmır – yox, onlar təqsirsizdilərsə, niyə onların təsvirini “cinayətkarlar” sırasında dərc edir? Axı onların ailəsi var, uşaqları var və sabah onlar məktəbə gedəndə onlara terrorçu balası kimi baxacaqlar… Jurnalist olmaq böyük bir məsuliyyətdir, kolleqalar – bunu unutmayın, rica edirəm.
Ən təhlükəlisi isə, bu məlumatın bütün saytlar tərəfindən heç bir rəsmi təsdiqsiz çap edilməsi və tirajlanmasıdır.
Burada yadıma Çexiyanın tanınmış yazışısı Yulius Fuçik düşdü. Jurnalist, ədəbiyyat və teatr tənqidçisi, Praqanın Pankrac həbsxanasında olarkən sonradan sitata çevrilən, özünün ən məhşur misrasını əks etdirən “Boynu kəndirli reportaj” kitabında yazırdı:
"Düşmənlərdən qorxma - onlar yalnız öldürə bilər; Dostlardan qorxma - onlar yalnız xəyanət edə bilərlər; Biganə insanlardan qorxun - dünyanın bütün ən dəhşətli cinayətləri onların dinməz razılığı ilə baş verir".