"Teknofest Azərbaycan-2022" festivalına hazırlıq
Festivalının keçiriləcəyi məkana mediatur təşkil edilib
"Teknofest Azərbaycan" festivalının keçiriləcəyi məkana mediatur təşkil edilib.
"Baku Crystal Hall" ərazisində quraşdırılan çadırlarda Türkiyənin və Azərbaycanın texnologiya şirkətlərinin, nazirliklərin təqdimatları olacaq.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov qeyd edib ki, "Teknofest" ilk dəfə Türkiyənin hüdudlarından kənarda, Azərbaycanda keçirələcək.
"Festival çərçivəsində bir sıra texnologiya müsabiqələri baş tutacaq. Həmçinin Türkiyə və Azərbaycan pilotlarının şouları da nümayiş etdiriləcək. Azərbaycanda texnologiyaların inkişafı prioritet məsələlərdən biridir. Gənclərin texnologiyaya marağının artırılması üçün bu festival mühüm əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.