Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı xəstəxanadadır və ciddi həkim nəzarətindədir. Oğlu Dəniz isə hələ də reanimasiyadadır.
Tanınmış amerikalı ekspert Maykl Doran bildirib ki, ABŞ mediası öz vətəndaşına qarşı hücuma məhəl qoymur: “Bu xəbərə tamamilə məhəl qoymayan Amerika mətbuatından fərqli olaraq, İsrail mətbuatı ABŞ-da Əhməd Obalıya (Amerika vətəndaşı) sui-qəsd cəhdinə diqqət çəkdi... Onun yaxınları əmindirlər ki, hücumun arxasında İnqilab Keşikçiləri (İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH) dayanır".
Qeyd edək ki, Maykl Doran Hudson İnstitutunun Yaxın Şərq Sülh və Təhlükəsizlik Mərkəzinin direktorudur. O, ABŞ Milli Təhlükəsizlik Şurasında, Dövlət Departamentində və Pentaqonda yüksək vəzifələrdə çalışıb.
Xatırladaq ki, Əhməd Obalı və oğlu Dəniz ötən həftə ABŞ-da döyülüb. Əhməd Obalının barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Onun boynunda ağır əməliyyat aparılıb.
Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.
Əhməd Obalıya hücum ABŞ-ın Kaliforniya ştatında olub. Qeyd edək ki, Əhməd Obalı Çikaqo şəhərində yaşayır və fəaliyyət göstərir. Kaliforniyaya oğlunun məzun gününə gəlibmiş.
Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb.
Hazırda Əhməd Obalı ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.