
12:21
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qlobal iqlim gündəliyinin formalaşmasında aparıcı rol oynadı. Bakıdan gələn təkan hələ də təzədir, indi həmin qlobal öhdəlikləri evə, tarlalara, fermalara və birgə gələcəyimizi müəyyən edəcək qida sistemlərinə gətirməyin vaxtıdır.
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi “Aqrobiznesin İnkişafı Forumu-4: Harmoniyaya gedən yol” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
N.Ganginin sözlərinə görə, qlobal öhdəliklərin yeni reallıqlar çərçivəsində tətbiq edilməsi, qida sistemində, kənd təsərrüfatında fermerlər tərəfindən icra olunması çox vacibdir.
“Biz artan çağırışlar ilə qarşı-qarşıyayıq. İqlim dəyişikliyi bunlardan biridir. Torpaqların deqradasiyası, meşə ərazilərinin qırılması acı reallıqlardır. Rəqəmsal kəndlər proqramı, “iqlim ağıllı” kənd təsərrüfatı təcrübələri sayəsində icmalara, fermerlərə iqlim dəyişmələrinə uyğunlaşmağa kömək etməklə yanaşı, daha inklüziv cəmiyyətləri formalaşdırmağa çalışırıq. Azərbaycanda innovasiyaların necə kök saldığını və inkişaf edə biləcəyini görmüşük. Son 5 ildə dəfələrlə səfərim zamanı bunun əyani şahidi olmuşam. Ərzaq istehsalının təhlükəsiz, dayanıqlı və ekoloji cəhətdən sağlam olmasını təmin edən yaxşı kənd təsərrüfatı təcrübələri beynəlxalq qaydalara uyğun olaraq fəal şəkildə həyata keçirilir. Məhsuldarlığı və səmərəliliyi artırmaq üçün dəqiq alətlərdən tutmuş ağıllı təsərrüfat idarəetmə sistemlərinə qədər müasir texnologiyalar tətbiq olunur. Ehtiyac yarandıqda texnoloji təkmilləşdirmələr düşünülmüş və strateji şəkildə tətbiq edilir. Eyni zamanda, iqlim gərginliyi şəraitində həyati resursları qorumaq üçün dayanıqlı suvarma sistemləri hazırlanır və genişləndirilir. Bütün bunlar daha geniş öhdəliyi əks etdirir. Bu innovasiya Azərbaycanda sadəcə bir istək deyil, bu, bir strategiyadır və artıq nəticələr verir”, - deyə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini əlavə edib.
Nabil Gangi onu da bildirib ki, davamlılıq olmadan inkişaf dayanıqlı olmur: “Qarşıdakı işlər tərəfdaşlıq, uzaqgörənlik və cəsarətli fəaliyyət tələb edir. Gəlin, güc verən ideyalara, davamlı sistemlərə və həm insanlara, həm də planetə xidmət edən texnologiyalara investisiya edək. Aqrobiznesin gələcəyi təkcə daha çox qidalandırmaq deyil, daha yaxşı qidalanmaq və bunu harmoniya, məsuliyyət və ümidlə etməkdir. Birlikdə biz hamı üçün daha yaxşı istehsalın, daha yaxşı qidalanmanın, daha yaxşı ətraf mühitin və daha yaxşı həyatın təminatçısı kimi aqrobiznesin tam vədini, heç kəsi arxada qoymadan həyata keçirə bilərik”.***
11:25
Su resurslarının və torpağın münbitliyinin azalması iqlim dəyişikliyinin kənd təsərrüfatına mühüm təsiridir. Digər əsas problem isə artan ekstremal istilər və quraqlıqdır. Bu da suya tələbin artmasına və su resurslarının azalmasına səbəb olur.
Bu sözləri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, proqnozlara əsasən, 2030-cu ildə sırf istilərlə bağlı suya olan tələbat 16 faiz artacaq.
“İqlim dəyişikliyinin 4 istiqamətdə təsirlərini görürük. Bizim transformasiyayla bağlı etməli olduğumuz əsas tədbirlər adaptasiya və diversifikasiya tədbirlərini gücləndirməkdir. Əsas məsələlərdən biri də su infrastrukturunun modernləşdirilməsidir. Tranformasiyanın həyata keçirilməsi üçün ilk növbədə bizə lazım olan innovasiya rəqəmsallaşmadır. Rəqəmsallaşmada əsas məqsəd isə səmərəliliyin artırılmasıdır. İqlim dəyişikliyi ilə bağlı proqnozlara baxdıqda görünür ki, bizim şərqimizdə və cənubumuzda yerləşən ölkələr iqlimdən daha çox, qərb və şimalımızda olan ölkələr daha az təsirlənirlər. Bu ölkələr bizim potensial ixrac və ya mövcud rəqabət bazarlarımızdır. Bu baxımdan bu təhdidlərin vaxtında öhdəsindən gəlsək bizə yeni fürsətlər yarana bilər”, - deyə o bildirib.
***
10:35
Bakıda "Aqrobiznesin İnkişafı Forumu -4: Harmoniyaya gedən yol" mövzusunda tədbir keçirilir.
Forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Qanqi də içtirak edir.
Forumda Azərbaycanın aqrobiznes sektorunda əsas tendensiyalar, çağırış və imkanlar, "Maliyyə təşviqləri və aqro-maliyyələşmə həlləri", "Aqrobiznesin inkişafı üçün subsidiya mexanizmlərinin təkmilləşdirilməsi" mövzularında müzakirələrin aparılması nəzərdə tutulur.
Kənd təsərrüfatı insanların əsas ehtiyaclarını təmin edən strateji əhəmiyyətli sektordur. Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları mövcud tələbatı çətinliklə qarşılayır. Digər tərəfdən, əhalinin ərzağa artan tələbatı həmin resurslara təzyiqi daha da gücləndirir.
Bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayənd
əsi Muxtar Babayev “Aqrobiznesin İnkişafı Forumu - 4: Harmoniyaya gedən yol” mövzusundakı tədbirdə çıxışı zamanı deyib.
M.Babayev qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada təxminən 1,7 milyard hektar sahə insan fəaliyyəti nəticəsində deqradasiyaya uğrayıb. Həmin torpaqların 60 faizdən çoxu kənd təsərrüfatında istifadə olunan əkin və otlaq sahələridir.
Kənd təsərrüfatı iqlimə birbaşa bağlı olduğundan, iqlim dəyişikliklərinə ən həssas sahələrdən biridir. Son illər bu dəyişikliklərin mənfi təsirləri kənd təsərrüfatında ciddi çətinliklər yaradır. Artan quraqlıqlar, torpağın şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldaraq, qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir.
Qeyd olunub ki, artıq dünyada daha intensiv istilik dalğaları, güclü tufanlar və dağıdıcı daşqınlar müşahidə olunur. Əgər 1970-ci illərdə ildə təxminən 100 fəlakət baş verirdisə, bu gün həmin rəqəm 400-ə qədər artıb. Bu isə ərzaq təhlükəsizliyini təhdid edir və kənd təsərrüfatının dayanıqlığını zəiflədir.
Aprelin 16-da ölkəmizdə, paytaxt Bakı şəhəri də daxil olmaqla, bir gündə üç aylıq yağıntı norması qədər yağış yağıb, 17 dağ çayında sel və daşqınlar baş verib.
"Ümumdünya Meteorologiya Təşkilatı və FAO-nun məlumatına görə, son 30 ildə baş verən fəlakətlər kənd təsərrüfatında təxminən 3,8 ABŞ trilyon dolları, yəni hər il orta hesabla 123 milyard ABŞ dolları və ya illik qlobal kənd təsərrüfatı ÜDM-nin 5 faizi qədər zərərə səbəb olub.
Bu baxımdan, iqlim dəyişikliyi şəraitində kənd təsərrüfatının dayanıqlı inkişafı üçün tədqiqat və yeni texnologiyaların tətbiqi böyük əhəmiyyət daşıyır. Fermerlər üçün qənaətli əkinçilik və innovativ suvarma üsulları suya və vaxta ciddi qənaət etməyə imkan verir", - deyə M.Babayev qeyd edib.
İqlim dəyişiklikləri kənd təsərrüfatına mənfi təsir göstərdiyi kimi, kənd təsərrüfatı fəaliyyəti də iqlim dəyişikliklərinə səbəb olan amillərdən biridir. Hazırda qlobal səviyyədə yaranan istixana qazlarının təxminən 20 faizi bu sahə ilə əlaqədardır. Bunu da Muxtar Babayev deyib.
Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün əsas addımlar su və torpaq resurslarının səmərəli idarə olunması, suvarma sistemlərinin modernləşdirilməsi, su itkilərinin azaldılması və torpaq münbitliyinin qorunması ilə bağlıdır. Eyni zamanda, məhsuldarlığı artırmaq üçün quraqlığa, şoranlığa və istiliyə davamlı bitki sortlarının yetişdirilməsi və müasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyət daşıyır.
M.Babayev qeyd edib ki, həmçinin aqroparkların inkişafı ekoloji və iqtisadi cəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə və pestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir. Bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir. Bu əməkdaşlıq çərçivəsində yeni texnologiyalar, rəqəmsal həllər tətbiq olunmalı və məhsuldarlıq artırılmalıdır.
"İqlim dəyişiklikləri ilə mübarizə geniş, əlaqələndirilmiş və uzunmüddətli tədbirlər tələb edir. Kənd təsərrüfatında bu təsirləri azaltmaq üçün fermerləri məlumatlandırmaq və onların istehsal vərdişlərini iqlim şəraitinə uyğunlaşdırmaq vacibdir. Ötən il beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə, xüsusilə ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliklərinin qarşısının alınması sahəsində görülən işlərə yönəlmişdi. Qlobal iqlim müzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması göstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir. COP29-a ev sahibliyi etməklə ölkəmiz enerji, şəhərsalma, maliyyə, kənd təsərrüfatı, insan kapitalının inkişafı və digər sahələri əhatə edən qlobal təşəbbüslərə start verib. Həmin təşəbbüslər iqlim dəyişikliklərinə qarşı inklüziv yanaşmaları özündə birləşdirir.
COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun birgə təşəbbüsü ilə təqdim olunan “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” qadın və gənc fermerlərin imkanlarının artırılması, iqlimə davamlı kənd icmalarının qurulması və bilik mübadiləsinin gücləndirilməsi üçün yaradılmışdır. Bu təşəbbüs 90-dan çox qlobal və regional proqramı bir araya gətirərək, kənd yerlərində dayanıqlı inkişafı dəstəkləyir və investisiyaların bu sahəyə yönəldilməsinə köməklik edir”.
Onun sözlərinə görə, konfrans çərçivəsində iqlim maliyyəsinin artırılması istiqamətində Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) razılaşdırılmışdır. COP29 zamanı təqdim edilən Bakı Maliyyə Hədəfi əvvəlki 100 milyard ABŞ dollarlıq illik öhdəliyi üçqat artıraraq 300 milyard ABŞ dollarlıq yeni illik hədəf müəyyən edib və 2035-ci ilə qədər bu məbləğin 1.3 trilyon ABŞ dollara çatdırılması məqsədi irəli sürülüb: "Həmin maliyyənin iqlimə dayanıqlığın artırılması məqsədilə inkişaf etməkdə olan ölkələrə, xüsusilə ən az inkişaf etmiş ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə əlçatanlığının təmin edilməsi əsas prioritet kimi müəyyən olunub.
COP29 nəticəsində yeni maliyyə mexanizmi kimi Zərər və İtki Fondu fəaliyyətə başlamışdır. Bu fond, iqlim dəyişikliklərindən ən çox zərər görən həssas bölgələr və fermer icmaları üçün xüsusi dəstək imkanları yaradır. Bununla yanaşı, COP29 zamanı karbon bazarları ilə bağlı illərlə davam edən danışıqlar başa çatıb, Paris Sazişinin 6-cı maddəsi üzrə bazar və qeyri-bazar əməkdaşlığını tənzimləyən qaydalar qəbul edilib. Bu, karbon bazarları vasitəsilə ildə 1 trilyon ABŞ dolları vəsaitin səfərbər olunmasına və ölkələrin iqlim planlarının icrasına çəkilən xərclərin 250 milyard ABŞ dollarınadək azalmasına imkan verəcək. Kənd təsərrüfatında da emissiyaların azaldılması, torpaq və su ehtiyatlarının qorunması məqsədilə həmin mexanizmlərdən istifadə edilə bilər.
Hazırda ölkəmizdə karbon bazarlarında iştirakı genişləndirmək üçün müvafiq hüquqi və institusional çərçivənin yaradılması istiqamətində işlər görülür. Bu, kənd təsərrüfatında aşağı karbonlu texnologiyaların tətbiqi və yaşıl investisiyaların cəlb olunması üçün yeni imkanlar yaradacaq”.