Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayır
Bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyi məlumat yayıb
Əlcəzair sentyabrın 11-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus bütün mülki və hərbi təyyarələr üçün hava məkanını tamamilə bağlayacaq.
Xarici media xəbər verir ki, bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, qərar BƏƏ-yə məxsus Əlcəzairdəki Həvari Bumədiyen adına Beynəlxalq Hava Limanına həyata keçirilən kommersiya xarakterli mülki reyslərə şamil olunmayacaq.
Bu reyslərin müqavilənin qüvvədə olduğu 2026-cı ilin sonunadək davam etdirilməsinə icazə veriləcək.
Qeyd edək ki, bundan əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi ikitərəfli münasibətlərin qorunub saxlanılması üçün bütün imkanların tükəndiyini bildirərək BƏƏ ilə diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbul edib.
Əlcəzair və BƏƏ bir sıra regional məsələlərdə fərqli mövqelər tuturlar. Əlcəzair İsraillə münasibətlərin normallaşdırılmasına qarşı çıxdığı halda, BƏƏ və Əlcəzairin regional rəqibi olan Mərakeş 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanmış "İbrahim Sazişləri" çərçivəsində İsraillə diplomatik əlaqələr qurublar.
Bu iki ölkə həmçinin onilliklərdir davam edən Qərbi Sahara mübahisəsində əks tərəflərdə dayanır. BƏƏ konsulluğunun fəaliyyət göstərdiyi həmin ərazi üzərində Mərakeşin suverenlik iddiasını dəstəkləyir, Əlcəzair isə müstəqil Qərbi Sahara uğrunda mübarizə aparan "Polisario" Cəbhəsini müdafiə edir.
İki ölkənin maraqları getdikcə daha çox Sahel bölgəsində kəsişir: burada BƏƏ son illərdə bir sıra hökumətlərlə əlaqələrini genişləndirib, Əlcəzairin bəzi cənub qonşuları ilə münasibətləri isə bir sıra hərbi çevrilişlərdən sonra gərginləşib.
Əlcəzair Prezidenti Əbdülməcid Təbbun ötən il bəyan etmişdi ki, ölkəsinin bütün Körfəz dövlətləri ilə münasibətləri istidir, yalnız biri istisna olmaqla – bu, BƏƏ-yə üstüörtülü bir işarə idi.
2 dəqiqə