Əli Kərimli yenidən AXCP-nin sədri seçilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti 7 (10)-cu qurultayı keçirilıb
İyunun 24-də Bakının Maştağa qəsbəsindəki Mədəniyyət evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti 7 (10) - cu qurultayı keçirilıb. Qurultayda 250 nəfər nümayəndə iştirak edib.
Forum gizli səsvermə yolu ilə Əli Kərimlini yenidən AXCP-nin sədri seçib.
Qurultay həmçinin 7 nəfər Nəzarət-Təftiş Komissiyasının üzvünü seçib və yerli təşkilatların irəli sürdüyü 63 nəfəri Ali Məclis üzvü kimi təsdiq edib.
Qurultay başa çatdıqdan sonra nümayəndələr Fəxri Xiyabana gələrək AXCP-nin ilk sədri, Xalq Hərəkatının lideri və ölkənin keçmiş prezidenti olmuş Əbülfəz Elçibəyin məzarını ziyarət edib.
AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, Ali Məclisin növbəti iclasında Nizamnaməyə uyğun olaraq Ali Məclisin 21 nəfər sərbəst üzvü seiləcək. Daha sonra səsvermə yolu ilə Ali Məclisin Rəyasət Heyəti formalaşdırılacaq.
“Qurultayın sənədləri “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək”, AXCP Nəzaərə-Təftiş Komissiyasının üzvü Təzəxan Mirələmili Amerikanın Səsinə deyiblər.
Partiyanın bundan öncəki 6 (9)-cu qurultayı 2015-ci ildə keçirilib.
AXCP-nin qurultayları nizamnaməyə uyğun olaraq hər iki ildən bir keçirilməlidir.
“Ancaq qurultayın və yerlərdə konfransların keçirilməsi üçün yer ayırılması xahişi ilə dəfələrlə hökumətə və biznes təşkilatlarına müraciətimizə müsbət cavab ala bilməmişik. Bu səbəbdən qurultayın keçirilməsi dəfələrlə təxirə salınıb”, Mirələmli qeyd edib.
Bu partiyanın 2001-ci ildən sədri Əli Kərimlidir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Milli Azadlıq Hərəkatının aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin bazasında 1995-ci ildə qurulub və həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.
Azərbaycabn Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy 1992-1993-cü illərdə ölkə Prezidenti olub.
Azərbaycan Xalq Cəhhəsi Partiyası müxalifətdədir və hökumətin siyasətini sərt tənqid edir.