Pilot Vaqif Qurbanova "Milli Qəhrəman" adı verildi YENİLƏNİB
Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb
20:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.
Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.
***
16:24
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə
Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)
Baş leytenant Vaqif Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi olub. O, 1992-ci ilin 8 aprelində Rusiyaya məxsus SU-25 hərbi təyyarəsini Azərbaycana qaçırıb və Qarabağdakı əməliyyatlarda iştirak edərkən şəhid olub. Belə ki, onun idarə etdiyi təyyarə erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik - Əsgəran yaxınlığında vurulub.
“Azərbaycan Bayrağı” ordeni ilə
Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir
“İgidliyə görə” medalı ilə
Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant
Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor
Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan
Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.
2 dəqiqə