Koen:İsrail və Azərbaycan İranın təhdidini bölüşür YENİLƏNİB
Bunu İsrailin xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib
İsrail və Azərbaycan İranın təhdidini bölüşür - İsrailin xarici işlər naziri Eli Koen bunu Qüdsdə Azərbaycan xarici işlər naziri Veyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“İsrail və Azərbaycan İran təhlükəsini bölüşür. İran regionumuzu təhdid edir, terroru dəstəkləmək və maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-sabitlik yaradır. Nüvə imkanlarının genişlənməsinin qarşısını almaq üçün İrana qarşı birlikdə çalışmalıyıq”.
Daha sonra Koen bildirib ki, "Azərbaycanın İsraildə səfirliyinin açılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edirik."
O qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qərarı iki ölkə arasında strateji münasibətlərin dərinliyindən xəbər verir.
Öz nəvbəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində İsrail Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan buna görə İsrailə minnətdarlığını bildirir.
Nazir qeyd edib ki, 44 günlük Vətən Müharibəsində də İsrail Azərbaycanın mövqeyini dəstəkləyib.
“Biz Azərbaycanın mövqeyini dəstəklədiyinə görə İsrailə minnətdarıq. Azərbaycanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olanlar arasında yəhudi əsilli azərbaycanlılar da var”, - deyə nazir vurğulayıb.
Üçtərəfli bəyanat müharibəyə son qoyduqdan sonra Azərbaycan sülh gündəmi ilə irəliləyir, lakin Ermənistan təcavüzkar ritorika ilə hədələyir, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Koenlə görüşdən sonra birgə mətbuata açıqlamasında bildirib.
“Azərbaycan hesab edir ki, münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və bu, ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasına əsaslanmalıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpasına başlayıb, “ağıllı şəhərlər” salır, dağılmış şəhərləri bərpa edir. Biz İsrail şirkətlərinin bu prosesə marağını yüksək qiymətləndiririk”, - deyə Ceyhun Bayramov bildirib.
Xatırladaq ki, bu gün Qüdsdə Azərbaycanın səfirliyi açılır. Bununla bağlı XİN və Milli Məclis deputatlarından ibarət bir qrup Qüdsə yollanıb. Səfər çərçivəsində Fələstinin rəəhbərliyi ilə də görüşlər gözlənilir.